Ramil Səfərov “erməni oğlan, çıx bayıra” deyib bağırırdı- ADİL İSMAYILOV ŞAHİD İFADƏLƏRİNİ AÇIQLADI

Ramil Səfərov “erməni oğlan, çıx bayıra” deyib bağırırdı

 

Vəkil Adil İsmayılov Budapeştdə mühakimə olunan hərbçimiz Ramil Səfərovun məhkəmə prosesi barədə növbəti qeydlərini yazıb.

Gununsesi.org vəkilin facebook hesabına istinadən həmin qeydləri təqdim edir:

Dördüncü ekspertizanın keçirilməsi ekspertlər Ervin Nada və Qabor Kovaça həvalə edildi. Onlar 20 fevral 2006-cı ildə 021/2006 saylı ekspertiza rəyini məhkəməyə təqdim etdilər. Bu ekspertlər faktiki olaraq birinci ekspertizanın rəyini təsdiq etdilər. Nəticə belə idi ki, Ramil Səfərov cinayəti törədərkən və ondan sonra tam anlaqlı vəziyyətdə olub, posttravmatik stressdən əziyyət çəkməyib, hadisənin mahiyyətini və nəticələrini dərk etməsində heç bir məhdudiyyət olmayıb. Hakim nəhayət ki, istədiyi rəyi aldı.
Burda bir məqamı xüsusi vurğulamaq vacibdi. Ramil Səfərov son sözündə dedi ki, dördüncü ekspertin namizədliyini məhz birinci ekspert Katalin Qaal təqdim etdiyi üçün onun verdiyi rəy obyektiv ola bilməzdi. Bu inkarolunmaz fakt idi, hakimin ekspertin müdafiəsinə yönəlmiş arqumentləri isə absurd idi. Hakim dedi ki, müdafiə tərəfi bunu bilirdi, amma ekspertə etiraz etmədilər.
Hakimin Ramil Səfərovun rus dilini yaxşı bilməsi barədə arqumenti də gülüş doğurur.

Hökmdə göstərilir: ” Şahid ifadələrinə görə təqsirləndirilən şəxs hər iki ermənini rus dilində söyürdü. Əgər o cinayəti törədərkən rus dilində söyə bilirdisə, demək ki, öz hərəkətləri barədə ifadələri də bu dildə verə bilərdi”.

Yeri gəlmişkən, məhkəmədə iştirak etməyən iki şahidin ifadələrində dil barəsində dediklərini diqqətinizə çatdırım . İkinci azərbaycanlı zabit Anar Əliyev ifadəsində göstərib ki, hadisədən “təxminən beş gün əvvəl Ramillə mən ermənilərlə koridorda rastlaşdıq. Onların yanından keçdik. Bu vaxt Ramil mənə dedi ki, bizi söydülər. Mən ondan soruşdum ki, nə vaxtdan ermənicə bilir. O isə dedi ki, ermənicə bilmir, təkcə bu söyüşü bilir”. İkinci erməni zabitin otaq yoldaşı Litvalı zabit, Paulius Saulius istintaqda verdiyi ifadəsində göstərmişdi ki, Ramil Səfərov qaldıqları otağın qapısını döyərkən azərbaycanca-? ( “ erməni oğlan , çıx bayıra” bağırırdı. Hər iki şahidin ifadəsi məhkəmədə elan edildi. Hakimin məntiqinə əsasən Ramil Səfərovu eyni qaydada erməni, Sauiliusu isə Azərbaycan dilində tərcüməçinin iştirakı ilə dindirmək olardı. Ümumiyyətlə, hakimin tərcümə məsələsinə özünə məxsus baxışı vardı. Məhkəmə iclasında onun dəvət etdiyi Azərbaycan dili tərçüməçisinin tərcümə xətalarına yol verməsi onun və türk dili tərcüməçisinin eyni mətni fərqli tərcümə etdiyi zaman məlum oldu. Səfərovun vəkili Peter Zalay tərcüməyə irad bildirdikdə hakim buna qəribə reaksiya verdi . Hakim Vaskuti Andraş vəkilə irad tutaraq: “cinayət mühakimə icraatının vəzifəsi relevant faktları, yəni həmin gecə səhərə yaxın nə baş verməsini araşdırmaqdır. Əgər burda qeyri-dəqiqlik olsa bunun əhəmiyyətli nəticələri ola bilər. Amma şahidin hansı xəstəlikdən əziyyət çəkməsi, ona hansı müalicə kursu təyin edilməsi, bu barədə məlumatı hansı nazirliyin verməsi cinayət məsuliyyəti baxımından heç bir əhəmiyyət daşımır “ dedi. Bu məntiqlə Ramil Səfərovun orduya getməsini düz tərcümə edəndən sonra orduya hansı məqsədlə getməsini səhv də tərcümə etmək olardı.Yaxud şübhəli şəxs kimi 19 fevral 2004-cü il tarixli dindirmə protokolunda Ramil Səfərovun iş yerinin RUSIYA MÜDAFIƏ NAZIRLIYI kimi göstərilməsi normal idi, nazirlik hər yerdə nazirlikdi. Qeyd edim ki, məhkəmə iclaslarının gedişində audio yazı tətbiq edilirdi. İclasdan bir neçə gün sonra iclas protokolları tərəflərə göndərilirdi.
Məhkəmə iclas protokollarının, ekspertiza rəylərinin və işdə olan digər sənədlərin hamısının orijinalı və tərcümə olunmuş variantları məndə var. Hələki ekspertiza barəsində demək istədiklərim bunlardır.
Amma bu məsələdən danışanda azərbaycanlı ekspert-psixiatrların zəhmətini qeyd etməmək mümkün deyil. Onlardan biri professor Bilal Əsədov barəsində yazdım. İndi isə bu işdə zəhməti olan digər iki psixiatr akademik Ağabəy Sultanov(Allah ona rəhmət etsin) və professor Nadir İsmayılov barədə. Hər iki görkəmli alim Ramil Səfərov barəsində rəy verdilər və bu məhkəməyə təqdim edildi. Onlar həm də Budapeşt şəhərinə gedib ekspertizada müşahidəçi kimi iştirak etdilər.
Yəqin ki, oxuyanlarda Anar Əliyevin nə üçün məhkəmədə iştirak etməməsi sualı yarandı… Davamı olacaq

COMMENTS