“Ramiz Mehdiyevin gedişi ilə yeni dövr başlayır” - NATİQ CƏFƏROV

  • By admin
  • 24 Oktyabr 2019 11:08

REAL Partiyasının icra katibi Natiq Cəfərli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən azad olunmasından sonra ölkədə baş verə biləcək dəyişikliklərdən danışıb. 

Gununsesi.org-un məlumatına görə, O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki,  bununla əslində böyük bir epoxa bağlanır: “Bir siyasi epoxa geridə qalır. Azərbaycanın müstəqilliyindən bəri həm Heydər Əliyevin dövründə, həm İlham Əliyevin dövründə çox nüfuzlu bir şəxs həm daxili  siyasətdə öz vəzifə səlahiyyətlərindən deyil, şəxsi əlaqələrindən və nüfuzundan doğan qərarvermə gücünə malik biri siyasi səhnədən gedir. Ramiz Mehdiyev daxili siyasətdə həlledici qərarların verilməsində rol oynayan mühüm bir şəxsiyyət idi.

Yeni bir dövr başlayır. Amma bu, həm prezident İlham Əliyevin və indiki hakim komandanın üzərinə  bir məsuliyyət də qoyur. Çünki əvvəllər ölkədə  hər hansı bir problem yaşananda, dəyişikliklər zəif gedəndə və islahatlar olmayanda bunu köhnə komanda adlandırılan Ramiz Mehdiyevin və onun ətrafında olan insanların maneçiliyi ilə izah edirdilər. Həm ölkə daxilində, həm də xaricində belə bir tendensiya var idi. İndi  bəzi məsələlər üzrə ciddi irəliləyişlər əldə olunmasa, məsələn,  sivil toplum, media, siyasi partiyalara münasibətlə bağlı normal yeni yanaşma başlamasa, bunun məsuliyyətinin indiki yeni hakimiyyətin üzərində olduğu görünəcək. Yox, əgər doğrudan da ciddi irəliləyişlər olsa, o zaman məlum olacaq ki, illərdir deyilən məsələlərin təməlində həqiqətlər yatırmış”.

 

Gununsesi.org