REAL-dakı çaxnaşma 3 il əvvəldən başlayıb - ELNUR MƏCİDLİ YAZIR

  • By admin
  • 08 Noyabr 2019 20:15

Avropada yaşayan siyasi fəal Elnur Məcidli REAL-da yaşanan daxili proseslər haqqinda yazib.

Gununsesi.org həmin yazini təqdim edir.

Hələ də REAL – Respublikaçı Alternativ hərəkatı desək daha doğru olar, çünki nəzəri cəhətdən tam partiyalaşa bilməyiblər.

REAL daxilində baş verən və Qasımlı Azərin istefasıyla nəticələnən son çaxnaşmanın kökü 3 il öncəsinə dayanır.

Hələ İlqar Məmmədov həbsdə olanda, bu qurum daxilində gizli ikincilik yarışı vardı, yəni sədri əvəz edəcək, çevik qərar verəcək, idarəetmədə əsas söz sahibi kimin olacağı müzakirə olunurdu.

O dövrdə, REAL-ın icraçı katibi Natig Jafarli ilə idarə heyətinin üzvü olan Azer Gasimli arasında kəskin fikir ziddiyyəti yaranmışdı. Lakin, o dönəmdə Ilgar Mammadov həbsdən göndərdiyi məktubla, seçimini Azər Qasımlıdan yana etdi və bundan sonra Azər Qasımlının təşkilatçığıyla bu hərəkat, klub səviyyəsindən partiyaya çevrilmə yolunda ilk addımlarını atmağa və siyasi olaraq strukturlaşmağa başladı.

Lakin, Natiq Cəfərlinin Azər Qasımlıya qarşı tənqidi münasibəti və partiyanın defakto 2-ci adamına çevrilmiş Azər Qasımlıya qarşı dözülməzliyi hamıya bəlliydi.

Xüsusilə, Natiq Cəfərlinin davamlı daxili müzakirələr aparılmadan REAL adından danışmasıyla, məclis başqanını outsayd vəziyyətinə qoymağa çalışması, tərəflər arasında konflikti daha da dərinləşdirdi.

Azər Qasımlının ad çəkmədən, öz şəxsi mövqeyini REAL adından təqdim etməklə, icazəsiz verilən bəyanatlarla bağlı sərt statusu olmuşdu və davam etdiyi təqdirdə cəzalandırılacaqları bildirilmişdi.

Uzun sözün qısası, Natiq Cəfərli, 2016-cı ildən bu yana tabe olduğu Azər Qasımlının liderliyini qəbullana bilmirdi, məsələ bundan ibarətdir.

İlqar Məmmədov öncələri partiya sisteminə keçidi qəbul etmirdi, bu gün fikri nə yöndədir, bu dəqiqləşməlidir. Azər Qasımlı, əsl partiya funksioneridir, REAL-ın partiya kimi inkişafında və daha da geniş auditoriyaya çatmasında xüsusi rolu var. İstefasını tələsik addım kimi dəyərləndirirəm, siyasətdə bu cür incikliklərin öhdəsindən gəlmək lazımdır.

Lakin, özünə həqiqi mənada lider gördüyü və sadiq olduğu İlqar Məmmədovun onun yerinə Məmmədova öz yaşıdı və tay-tuşu kimi münasibət göstərən, hələ də statuslarında partiya sədrindən bəhs edərkən adıyla xitab edən birini seçməsinin Azər Qasımlıya möhkəm təsir etməsi anlaşılandır.

İlqar Məmmədov partiyalaşmağa qərar verəcəksə, gec-tez Azər Qasımlının bu prosesdə nə qədər vacib kadr olduğunu anlayacaq. Erkin Gadirlinin bu məsələdə ortaya qoyduğu və qoyacağı mövqe vacibdir, onun üçün də Azər Qasımlının istefasının gözlənilməz olduğu yazılarından anlaşılır, buna görə də daha aydın mövqe sərgiləməlidir. Erkinin də bildiyim qədər siyasi partiya təcrübəsi yoxdur, buna görə də partiyalaşmaq ona çoxşaxəli və idarəolunmaz bir sistem kimi gələ bilər. Son hadisələrin, daha doğrusu, REAL daxilində açıq-gizli 3 ildir davam edən son qarşıdurmanın qalibi hələki Natiq Cəfərlidir. Qarşıdan isə, bələdiyyə və daha sonra parlament seçkiləri gəlir.

Seçkidə iştirak tərəfdarı olan İlqar Məmmədov bilməlidir ki, tam olaraq partiyalaşmadan, strukturlaşmadam və paralel olaraq kütləviləşmədən mini klub formatında seçkiyə getmək, məğlubiyyətlə nəticələnə bilər.

Yaxud da partiyadan kənar, əvvəl olduğu kimi, müstəqil namizəd kimi seçkilərdə iştirak etsələr də bunun onlara çox da faydası olmayacaq.

İndi, İlqar Məmmədovun üzərinə əsas missiya düşür, daxildəki son çaxnaşmaya dərhal münasibətini bildirməli, liderlik bacarığını ortaya qoymalı və Azər Qasımlının istefasını qəbul etməməli, təşkilatının istefa vermiş ən önəmli fiqurlarından birini partiyaya qaytarmağı bacarmalıdır.

Sözün əsl mənasında partiya olmaq istəyirsinizsə, partiyanı mövcud edən nəzəri və siyasi strukturlarla oynamadan da daxili islahatlara, yeniliklərə gedə bilərsiniz, qarşınızda mane gördüyünüz şəxsləri dəyişə bilərsiniz, lakin partiya strukturunu pozmadan!

Belə də ki, Erkin Qədirlinin dediyi kimi, hələ gedəcəyimiz çox yol var və tələsən yerimiz yoxdur.

 

 

Gununsesi.org