Rejissor Namiq Ağayev: “Azərbaycanda rejissor filminə öz qohumunu çəkir” - MÜSAHİBƏ

  • By admin
  • 24 İyun 2016 13:39

 

2e1829b8-13cb-48d6-844a-604ad6952105

 

Bir müddət əvvəl sizə kinorejissor Namiq Ağayevin yeni “Ol” adlı filminin  çəkilişlərindən qısa xəbər vermişdik. Gununsesi.info filmin çəkiliş meydanında olub. Ekran əsəri haqqında ətraflı məlumat verən rejissor, Azərbaycan kinematoqrafiyasında yaşanan bəzi problemlərdən də söhbət açı. Həmin müsahibəni sizə dəqdim edirk :

 

Filmin çox qısa adı var.Niyə məhz “Ol” adlanır?

” “Ol!” Allah təalanın kəlamıdır, eyni zamanda feil, yaşa deməkdi. Bu söz insana yaşamaq üçün, gələcəyə doğru davam etmək üçün pozitiv enerji ötürür, güc verir. Film iki qardaşın taleyindən bəhs edir. Mənim qardaşım  rolunu Fikrət Məmmədov canlandırır. Filmdə də rejissor obrazındayıq. Ekran əsərinin əvvəlində döyülürük , rejissor kimi çətin anlar yaşayırıq və birdən  ən çətin məqamda Allah bizə bir xanım yetirir. Hansı ki,  hadisələr də məhz bundan sonra başlayır. Nazim Hikmətin bir şeiri var :“Hər nə olur, olsun, küləyə qarşı getmək”. Buna görə filmin adı “Ol” adlanır.  Daima irəliləmək lazımdır”.

 

Dediniz rejissor filmdə çətin anlar yaşayır. Azərbaycanda  bir rejissorun real heyatda üzləşdiyi problemləri film vasitəsilə göstərmək istəmisiniz?

Tamaşaçı bu filmdən pozitiv enerji alacaq. Onsuz da dərdləri kifayət qədərdir. İstəmədik, bir də bizim filmə baxanda fikirə getsinlər. Amma əvvəlində  qısa olaraq çatdırmağa çalışmışıq.

 

Çəkinmirsiz ki, film darıxdırıcı olar və tamaşaçı rəğbətini qazana bilməz?

“Xeyr. Qətiyyən! Mən burda sizinlə özümü necə aparıramsa,  filmdə də onu görəcəksiniz. Darıxdırıcılığı sevmirəm. Atam, Firudin Ağayev  həmişə deyərdi ki, film hava, su kimi aydın olmalıdır . Kino mənim üçün sosial sənət növüdür. Bütün kütlələrə xitab etməlidir. Elit və ya  qara kütlə belə şeyi sevmirəm, kino kinodur. Filmi hər kəs başa düşməlidir”.

 

 Son zamanlar Azərbaycanda yaxşı məbləğə filmlər çəkilir amma aktyorlar da, rejissor da xaricdən dəvət edilir. Niyə müsabiqəyə gedən filmlərdə əcnəbilər çəkilir? Bu belə olmalıdırmı?

“Kinoda “hamısı yerli olmalıdır” – deyə bir şey yoxdur. Amma mən öz aktyorlarımızı üstün tuturam. Biz, bizə olan inamı itirmişik. Yaxşı bir iş ortaya qoya biləcəyimizə inanmırlar. Çatışmayan cəhədlərdən biri dramaturgiyadır. İkinci böyük problem rejissorların aktyorlarla işləyə bilməməsidir. İndi  ət tökən mizanlar var, hansı ki, artıq çeynənib. Qızın xəstəliyə düçar olması, donor vasitəsilə kiminsə xilas edilməsi, vannada vena kəsmək, klipdə mübahisə etmək, səhrəda döyülüb atılmış birini xilas etmək. Bunlar artıq heç kimə lazım deyil. Yeni nəsə etmək lazımdır.  İndiki gənclər düzdür, çalışırlar. Montaj görüntü yaxşıdır, amma əsas dramaturgiyadır. Axsayırlar, axsamaqda da davam edəcəklər”.

 

Niyə Azərbaycan filmi bu qədər geri qalır?

“Bizdə yaxşı film çəkmək çətindir, çünki pul yoxdur. Bizim bu filmimiz də az büdcəlidir. Balaca ölkədə yaşayırıq,  hamı bir- biri ilə tanışdır. Hər şey qohumluqla həll edilir. Əgər öz yaxın tanışı rejissordursa, kənarda yaxşı rejissor axtarmır. O da təbii ki, çəkə bilmir. Bizdə xətir məsələsi böyükdür. Bax, bu səbəblərə görə filmlərimiz axsayır.  Tək -tək rejissorlar var ki, filmimizi düzəltməyə çalışırlar. Bizdə qəribə bir şey var: müsabiqə filmi və yerli film. Bu nə deməkdirsə, anlamıram. Film filmdir. Ayırmaq olmaz , bu bizdə problemdir”.

 

Çıxış yolunu nədə görürsünüz?

“Biz qaydalarla hərəkətə keçməliyik. Çalışıb əməlimizlə  özümüzü  sübut edib yolumuzla getməliyik.  Çalışırlar, həmlələr olunur, əsas odur ki,  hərəkət edirik. Brend olmasaq da, buna  çalışırıq. Düzələcək, hər şey. Filmlərimiz tamaşaçı sevgisi qazananda mən çox sevinirəm. Şərt deyil ki, mənim filmim olsun. Öz filmimizə gələndə isə hazır olandan sonra həm satışını təşkil etmək, həm də kinoteatrlarda nümayiş etdirmək niyyətimiz var. Tamaşaçı filmimizi bəyənəcək. İddialıyıq”.

Ekran əsərinin ssenari müəllifləri Namiq Ağayev və Fikrət Məmmədov, quruluşçu rəssamı isə İrandan dəvət olunmuş Rza Fəllahiandır. Filmdə “Kurtlar Vadisi Pusu” filmindən tanış olan  türk aktyoru Tuncər Salman da  rol alacaq.

Sevinc Xeyrulla  

Gununsesi.info                                                                                                                    

 

a272e7a6-136e-49b5-9e57-e93cd7ed7c40

 

3dfddc2f-f896-4326-9d60-05ea30f4733a

 

c76af291-a781-4982-becc-9720d192f145