“Rio-2016”nın 14-cü günündə 6 atletımiz 4 idman növündə mükafatlar uğrunda yarışacaq

  • By admin
  • 19 Avqust 2016 11:09

rio-5

Avqustun 19-da “Rio-2016” Olimpiya Oyunlarının növbəti yarış günündə Azərbaycanın altı idmançısı medallar uğrunda mübarizəyə qoşulacaq.

Gununsesi.info xəbər verir ki, taekvondoçumuz Milad Beigi Harçeqani ilk görüşünü keçirəcək. Səksən kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimizin onaltıdabir final mərhələsində rəqibi Mali idmançısı İsmael Kulibali olacaq. Döyüş Bakı vaxtı ilə saat 17:15-də başlanacaq.

Saat 17:20-də bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılacaq. İyirmi altı idmançının yerinə yetirəcəyi dörd hərəkətin yekununda finalçılar müəyyənləşəcək. Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlanacaq.

Bundan sonra iki sərbəst güləşçi ilk görüşünə çıxacaq. Saat 17:24-də dünya çempionu Hacı Əliyev 57 kiloqram çəkidə səkkizdəbir final görüşünü keçirəcək. Onun ilk rəqibi Yunsik Yun (Koreya Respublikası) olacaq. Saat 17:48-də isə ikiqat Avropa çempionu Cəbrayıl Həsənov (74 kq) kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə qarşılaşacaq. Təsəlliverici görüşlər saat 23:00-da, medal yarışları saat 00:00-da başlanacaq.

Saat 18:30-da qadın taekvondoçu Fəridə Əzizova 67 kiloqram çəkidə ilk görüşünü keçirəcək. O, ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gələcək. Saat 21:45-də boksçumuz Lorenso Sotomayor (64 kq) yarımfinal qarşılaşmasına çıxacaq. O, Almaniya idmançısı Artyom Harutunyanı məğlub etsə, Azərbaycan boks tarixində ilk dəfə Olimpiya Oyunlarında finala yüksələcək.

Gununsesi.info