“Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” adlı beynəlxalq konfransın materiallarından ibarət toplu çap olunub- FOTO

“Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” adlı beynəlxalq konfransın materiallarından ibarət toplu çap olunub

“Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” adlı beynəlxalq konfransın materiallarından ibarət “Operators, Functions, and Systems of Mathematical Physics Conference” toplusunun təqdimatı keçirilib.

Gununsesi.org xəbər verir ki, fevralın 8-də Xəzər Universitetinin Mərmər salonunda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının 70 illik yubileyinə həsr olunmuş “Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” adlı beynəlxalq konfransın materiallarından ibarət irihəcmli “Operators, Functions, and Systems of Mathematical Physics Conference” toplusunun təqdimatı keçirilib.

Təqdimatda universitetin rəhbərliyi, əməkdaşları, görkəmli alim və mütəxəssislər içtirak ediblər.

Təqdimat universitetin Musiqi və incəsənət departamentinin hazırladığı qısa konsert proqramı ilə başlayıb.

Tədbiri universitetin Riyaziyyat departamentinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Əli Hüseynli açaraq, 2018-ci il mayın 21-24-də böyük uğurla keçirilmiş konfransın geniş əks-səda doğurduğundan, bunun nəticəsi olaraq Xəzər Universitetinin ünvanına onlarla təşəkkür məktubu göndərildiyindən danışıb. Qeyd edib ki, nəfis şəkildə çap olunmuş, Azərbaycan, Türkiyə, İran, Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, Qazaxıstan, Almaniya, Fransa, İspaniya, Səudiyyə Ərəbistanı Krallığı, Avstriya, Finlandiya, ABŞ, İtaliya, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri və İsveçdən olan 80-ə yaxın görkəmli alim, aparıcı mütəxəssis və tədqiqatçıların məruzələrinin yer aldığı toplunu müvafiq nəşrlərdən fərqləndirən cəhətlər də var.

Belə ki, topluda “Hamlet İsaxanlı (İsayev): həyat və yaradıcılığı haqqında oçerk” adlı geniş məqalə ingilis və rus dillərində verilmiş, oçerkə professor Hamlet İsaxanlının əsas elmi və bədii əsərlərinin biblioqrafiyası əlavə edilmiş, onun həyatına və konfransa aid çoxlu fotoşəkil də oxuculara təqdim olunub.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, ADNSU-nun Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Araz Əliyev və BDU-nun “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əli Əhmədov çıxış edərək konfransın, konfrans materiallarının çap olunduğu toplunun məziyyətlərindən, professor Hamlet İsaxanlının riyaziyyatçı alim və təhsi qurucusu kimi yüksək istedad və bacarığından, çoxşaxəli elmi və bədii yaradıcılığından bəhs ediblər.

Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, müvafiq konfransın beynəlxalq səviyyədə hər il keçirilməsinin məqsədəuyğun hesab edildiyini və növbəti konfransın 2019-cu il iyunun 10-14-də Xəzər Universitetinin Buzovnadakı Konfrans və İstirahət Mərkəzində keçiriləcəyini elan edib və toplunun hazırlanmasında əməyi olanlara və iştirakçılara təşəkkürünü bildirib.

COMMENTS