Rövnəq Abdullayev istefa versin?- Deputatlar milli komandanın bərbad oyunundan DANIŞDILAR

Rövnəq Abdullayev istefa versin?

Ötən axşam Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunu rəqib komandanın böyükhesablı (1:5) qalibiyyəti ilə nəticələndi. Avro-2020-nin seçmə mərhələsində 3 oyun keçirib hamısında məğlub olan Azərbaycan millisi futbol azarkeşlərinin də etirazı ilə üzləşib. “Bakcell Arena”da keçirilən son oyun zamanı azarkeşlər AFFA rəhbərliyinə qarşı – konkret AFFA  prezidenti Rövnəq Abdullayevə “İstefa!” şüarı səsləndiriblər.
Gununsesi.org xəbər verir ki, Azərbaycanda futbolun son durumu haqqında Modern.az-a danışan deputat Aqil Abbas düşünür ki, AFFA rəhbərliyi dəyişsə belə, Azərbaycan futbolu belə şəraitdə inkişaf etməyəcək:
“Futbolumuzu ayağa qaldırmağın yeganə yolu odur ki, AFFA-nı regionlarda futbolu dirçəltməyə məcbur edək. Azərbaycanda 8 futbol komandası var. Bu çox aşağı göstəricidir. Yığma komanda üçün bir var 50-60 nəfər arasında 20 futbolçu axtarasan, bir də var ki, 100-200 nəfər arasından seçəsən. Say çox olarsa, seçim imkanı da artar.

Azərbaycan regionlarında futbol məktəbləri yoxdur. Gəncə, Tovuz, Lənkəran, Ağdam və digər bölgələr futbolçu yetişdirib, Azərbaycan futboluna verə bilmirsə, hansı inkişafdan danışa bilərik?

Sovet dövründən misal gətirim: Ağdamda 10 orta məktəb var idi. Məktəblərarası, kolxozlararası, kəndlərarası, peşə məktəbləriarası, məhlələrarası çempionatlar keçirilirdi. Görün bunlar, nə qədər hazırlıqlı futbolçunun yetişməsi deməkdir. Ona görə də regionlardan qabiliyyətli futbolçular çıxırdı. İndi yaxşı futbolçular yoxdur, kim oynasın bu halda?”.

A.Abbas hesab edir ki, baş məşqçinin də bu məğlubiyyətlərdə rolu var:

“Xarici ölkələrdən məşqçi dəvət etmək bütün dünyanın praktikasında var. Amma Azərbaycan futbolunun başına gətirilən məşqçi gərək xalqı tanısın. Nikola Yurceviç futbolçularla ünsiyyət üçün 3 nəfər tərcüməçidən istifadə edir. Bu situasiyada futbolçular onu necə tam anlaya, dediklərini icra edə bilərlər?

Məşqçi ilə müqavilə məsələsi də vacib məqamdır. Komanda baş məşqçini dəvət edəndə qarşısına şərt qoysun: ortaya məhsuldarlıq – keyfiyyətli futbol qoyacaqsan. Bunu bacarmasan, müqaviləyə son verilib, ödəniləcək məbləğ dayandırılacaq. Belə olmasa, xaricilər əvvəlki məşqçi Berti Foqts kimi pulumuzu alıb, ortaya heç nə qoymayacaqlar”.
Millət vəkili Fazil Mustafa da həmkarı ilə eyni fikirdədir. O düşünür ki, Azərbaycan futbolunun indiki şəraitdə dirçəlməsi mümkün deyil:

“Bunu həyata keçirmək üçün ölkədə köklü, fərqli özəlləşdirmə, sahibkarlığın inkişafına ehtiyac var. İri sahibkarlığın idmana meyillənməsini stimullaşdırmaq olar. Vergilərdən azad edilən iri şirkətlərin bölgə komandalarını himayə etməsinə şərait yaradılmalıdır. Futbol tək idman deyil, həm də biznesdir. Qərb ölkələri peşəkar şəkildə yetişdirilən futbolçulardan milyardlarla dollar qazanır. Belə futbolçular yetişdirmək üçün küçə futbolu inkişaf etdirilməlidir. Futbol üzərindən bütün vergilər götürülməli, binaların həyətində idman meydançaları salınmalıdır. Orta məktəblərin heç birində idman infrastrukturu istənilən səviyyədə deyil. Xüsusilə, regionlardakı məktəblərdə sağlam, gümrah uşaq yetişdirmək üçün məktəblərin idman siyasəti düzgün qurulmayıb. Orta məktəblərdə heç üzgüçülük hovuzu da yoxdur. Tək futbola diqqət göstərməklə də iş bitmir. Ölkədə basketbol, voleybol, həndbol kimi idman növləri məhv olub. Çempionatlar yoxdur.  Cüdo, güləş kimi idman növlərinin inkişafı ilə iş bitmir.

Bu sahədə əlverişli sistem qurulmalıdır. Belə olmasa, hər il futbol rəhbərliyi dəyişsə də, effektiv nəticə verməyəcək. Xarici ölkələrdən dəvət edilən məşqçilər o zaman fayda verər ki, Azərbaycanda canlı çempionat olsun, rəqabət mühiti yaransın. İndiki halda pulu əcnəbilərə xərcləməyin heç bir mənası yoxdur”.

Deputat Cavid Osmanovun fikrincə, ötən gecə keçirilən oyun milli futbol komandamızda çoxlu çətinliklərin, problemlərin mövcudluğunu sübut etdi:

“Bununla bağlı AFFA rəhbərliyini, eyni zamanda yığmamımızın məşqçisi Nikola Yurceviçi günahlandıranlar çoxdur. Amma bu bir futbnol oyunudur. Heç kim istəməzdi ki, belə hesab olsun.

Ölkəmizdə digər sahələrə olduğu kimi, futbola da qayğı göstərilir, xeyli vəsait ayrılıb, müvafiq qərarlar icra olunur. Bunun nəticəsi olaraq komandamız, futbolumuzdan məsul şəxslər daha yaxşı iş ortaya qoymalıdırlar”.

C.Osmanov hesab edir ki, Azərbaycdan futbolunu inkişaf etdirmək üçün ilk növbədə uşaq futboluna diqqət artırılmalıdır:

“Futbol elə idman növüdür ki, uşaqlıqdan inkişaf etdirilməsə natamamlıq özünü göstərir. Təəssüf ki, bizdə uşaq idman məktəbləri, professional futbol klublarının azyaşlı yığmaları istənilən səviyyədə qurulmur. Bu və digər məqamları nəzərə almaqla futbolumuzun inkişafına zamanla nail ola bilərik”.

COMMENTS