Rüfət Səfərovdan nənəsinin vəfatı ilə bağlı təsirli - MƏKTUB

  • By admin
  • 10 Fevral 2019 16:12

Xəbər verdiyimiz kimi hazırda həbsdə olan siyasi məhbus Rüfət Səfərovun nənəsi dünyasını dəyişib.

Bir qrup hüquq müdafiəçisi sabiq müstəntiqin yas mərasiminə qatılması üçün Penitensiar Xidmətə müraciət etsə də  müsbət cavab verilmədi.

Gununsesi.org xəbər verir ki, Rüfət Səfərov nənəsinin vəfatı ilə bağlı yazı qələnə alıb.

Həmin yazını təqdim edirik:

Subay vaxtlarımda Zərdabda işləyərkən gəlib yanımda aylarla qalırdı.80 yaşlı qadın mənə səhər, günorta, axşam yeməyi hazırlayırdı.İşdə olduğum müddətdə təkcənə otururdu evdə.Nə qədər təkid etsəm də məni tək qoymayacağını deyirdi…”
Zərdabda aclıq aksiyasına başlayanda Bakıdan müraciət edib “ sən ac qalsan, mən də yeməyəcəm. Qadan alım, aclığı dayandır, nə istəyirsən, bişirib gətirim…” deyirdi…
Birinci dəfə həbsdən buraxılanda yazıq nənəmin sevindiyindən ayaqlarıma düşdüyünü xatırlayıram, yanıram…
Bir əhvalat yadıma düşür, əzab çəkirəm. 7 ya 8-ci sinifdə oxuyurdum. Nənəmlə bazara getmişdik.Hər ikimizin əlləri meyvə – tərəvəzlə dolu həsir torbalar ilə məşğul idi.

“Gənclik”metro stansiyasının qarşısında nənəmdən nəsə istədim, amma almadı. Küsdüm, əllərimdəki yükü yolun ortasında qoyub piyada evimizə tərəf addımladım.Təxminən 500 metrlik məsafə idi.Yazıq nənəm iki ağır torbanı götürüb irəliyə doğru daşıyırdı, sonra geri dönüb qalan yükü sürüyürdü.Bu minvalla 500 metrlik məsafəni qan – tər içində ağır yükü daşıdı. Mən də arxaya baxa-baxa evə çatdım.İllərdir bu hərəkətimin xəcalətini çəkirəm…
Xatırlayıram, ikinci dəfə həbs olunanda cəmiyyətə və ailəmə bir müraciətim olmuşdu.Sonda 83 yaşlı sevimli nənəmə məni gözləməsini, əks təqdirdə bağışlamayacağımı söyləmişdim.Nənəm də mənə söz vemişdi…
Bu illərdə heç gələ bilmədi.Gözləri tutulmuşdu, ayaqları yerimirdi. Elə telefonda “ Qorxma!” deyirdi…
Sonuncu dəfə əlini çiynimə qoydu, “ Rüfətimə heç kim heç nə edə bilməz! Arxasındayam!” dedi, bərabər şəkil çəkdirdik. Ondan bir az sonra yenidən həbs etdilər…
İndi qalmışam belə. Adımı qoyan əziz nənəmin son nəfəsində yanında ola bilmədiyimə görə özümü qınayıram. Bağışla məni, gözəl nənəm.Tanrı şahiddir ki, səni çox sevirdim..”