Sərhəd Xidməti 5 km-lik bayrağın dəyəri haqqında suala cavab verməyib

  • By admin
  • 15 İyun 2019 16:07

Bakı/14.03.19/Turan: Azərbaycan Dövlət Sərhəd Xidmətindən Turan-ın iyunun 13-də nümayiş olunmuş rekord uzunluğa malik Azərbaycan milli bayrağının təyinatı haqqında telefon sorğusuna cavabda ictimiayyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Nağı Eyvazov bildirib ki, bayraq hər il iyunun 13-də çıxarılacaq.

Rəsmi məlumata əsasən, 5100 metr uzunluğu olan Azərbaycan dövlət bayrağı hər il iyunun 15-də qeyd olunan Qurtuluş Gününə (1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtdığı gün) həsr edilib.

Sərhəd Xidmətindən komandan Elçin Quliyevin başçılığı, həmçinin 5000 nəfər general və zabitin iştirakı ilə 5 km uzunluğa malik bayrağın təntənəli daşınma mərasinin məhz harada baş tutduğunu dəqiqləşdirməyiblər. Yürüşü Sərhəd Xidmətinin zirehli maşınları və 8 helikopter müşaiyət edib, deyə Sərhəd Xidmətinin nümayəndəsi bildirib.

Amma Eyvazov Sərhəd Xidmətinin bayrağın hazırlanması və parça alınmasına nə qədər vəsait xərclədiyi barədə suala cavab verməyib.

Turan agentliyi xarici bayraq istehsalçısına istinadla 65 qr ipəkdən 5100 metr uzunluğu və 4,5 metr eni olan bayrağın 123 min manata (72,2 min dollar) başa gələ biləcəyini hesablayıb. Atlasdan belə bir bayraq isə 141 min manata (82,7 min dollar) başa gələr. -0-