Saakaşvili Zelenskiyə məktubunda nə yazıb?

  • By admin
  • 23 May 2019 09:25

Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığının bərpası ilə bağlı yeni Prezident Vladimir Zelenskiyə məktub ünvanlayıb.

Gununsesi.org xəbər verir ki, bu haqda “İnterfaks-Ukrayna”ya siyasətçinin vəkili Ruslan Çernolutski danışıb. Gürcüstanın keçmiş prezidenti məktubunda qeyd edib ki, yeni hakimiyyətdən heç bir vəzifə və imtiyazlar gözləməsə də, öz hüquqlarının müdafiə olunacağına və ədalətin bərpa ediləcəyinə ümid edir.

“Bütün hüquqşünaslar təsdiqləyir ki, mənim Ukrayna vətəndaşlığından çıxarılmam qeyri-qanunidir. Ukrayna Konstitusiyasında göstərilir ki, ukraynalının vətəndaşlığını ləğv etmək qadağandır. Beynəlxalq hüquqda isə göstərilir ki, insanı ümumiyyətlə vətəndaşlığı olmayan şəxs kimi saxlamaq olmaz”, – deyə məktubda bildirilib.

Qeyd edək ki, Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsinə 2016-ci ilin mayında Ukraynanın keçmiş prezidenti Petro Poroşenko tərəfindən təyin edilmişdi. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırmış və vətəndaşlığını əlindən almışdı. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıb, 2021-ci ilədək ölkəyə girişinə qadağa qoymuşdu.