Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Serbiyada səfərdə olub -Fotolar

  • By admin
  • 09 Dekabr 2018 20:46

Iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Serbiyada səfərdə olub.

Nazirlikdən “Gununsesi.org” a verilən məlumata görə, Serbiyanın Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətləri üzvlərinin və Serbiya şirkətlərinin iştirakı ilə Dəyirmi Masa keçirilib.

Tədbirdə Azərbaycanda yaradılmış əlverişli biznes və investiya mühiti barədə məlumat verilib, Azərbaycan və Serbiya işgüzar dairələri arasında əlaqələrin inkişafına, biznes sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.Həmin gün Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib. İclasda çıxış edən Ş.Mustafayev iki ölkənin əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, dövlət başçılarının əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də ticarət əlaqələridir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 36%, 2018-ci ilin ilk 9 ayında isə 33% artıb.

Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayıb, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, energetika, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm  və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.

İclasda komissiya üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.