Siyasətdə yeni adam- UKRAYNADA "HƏR ŞEY YAXŞI OLACAQ" DEMƏK ÜÇÜN 5 ÜMİD

Siyasətdə yeni adam

Petro Poroşenkonun böyük fərqlə məğlubiyyətindən sonra sosial şəbəkələr emosiyalarla dolub-daşır: bəziləri qəzəb və ümidsizliyini ifadə edir, digərləri sevinc və eyforiya içindədirlər.

Gununsesi.org bildirir ki, bu barədə  BBC radisounun araşdırmasında bu nəticəyə gəlinib.

Hazırkı prezidentin aralarında çox sayda intellektual və mənəvi avtoritet də olan tərəfdarları Volodimir Zelenskinin prezidentliyi dönəmində Ukraynanın başına gələcək bəlalardan yazırlar.

BBC News Ukrayna mütəxəssislərdən Zelenskinin dövlət başçısı kimi fəaliyyətinin ölkə üçün mümkün faydalarından danışmağı xahiş edib.

Onların dəyərləndirməsi, əlbəttə ki, hipotetik xarakter daşıyır, çünki risklər böyükdür və hələ də məlum deyil ki, yeni prezident ilk növbədə hansı islahatları edəcək və kimlər bu islahatları necə həyata keçirəcəklər.

Siyasətdə yeni adam, Ukrayna siyasi sisteminin təzələnməsi, yeni elitaların yaranması

BBC News Ukraynaya açıqlama verən ekspertlərin çoxu hesab edir ki, mövcud siyasi sistemə aid olmayan birinin prezident seçilməsi elitaların dəyişməsinə gətirib çıxaracaq və bu, hakimiyyət orqanlarında yeni “qan” yaradacaq.

Təkcə Zelenskinin yox, sistemdən olmayan istənilən namizədin qələbəsi məhz bununla nəticələnərdi.

“Hakimiyyətə yeni, sistemdən olmayan birinin gəlməsi birinci və ən əsas üstünlükdür. Bu o deməkdir ki, onun Ukrayna siyasətində son 30 ildir mövcud olan “məsələlərin həlli” təcrübəsi yoxdur.

Yəni o, əvvəlkilər kimi işləyə bilməyəcək, çünki bunu öyrənmək lazımdır, Zelenskininsə buna vaxtı çatmayacaq” – yeni prezidentin tərəfdarı, Ukrayna Gələcək Zaman İnstitutunun direktoru, politoloq Viktor Androsov BBC News Ukraynaya müsahibəsində belə deyib.

“Əsas uğur prezident Poroşenkonun təmsil etdiyi köhnə siyasi elitanı silkələmək oldu. Köhnə elitanı dəstəkləməyən ukraynalılar nümayiş etdirdilər ki, bəyanlar və niyyətlər nə qədər doğru olsa da, əməllər ölkə əhalisinin böyük əksəriyyəti üçün gözlənilən nəticəni verməyib.

Və bu, təkcə Petro Poroşenkoya yox, bütün siyasi elitaya siqnaldır” – politoloq Valeriy Kloçok belə hesab edir.

Yüksək səviyyəli dəstək Zelenskiyə fəaliyyət üçün böyük legitimlik və oliqarxlardan asılılığı azaltmaq fürsəti verir

“Böyük ictimai dəstək – çox böyük üstünlükdür. Volodimir Zelenski ciddi qərarların qəbulu üçün mübahisəsiz legitimliyə sahib olacaq. 70%-dən çox seçicinin səsini almaq ona Ali Radaya və parlamentə təzyiq etmək imkanı verəcək. Çox mümkündür ki, onun komandası Poroşenkonun həyata keçirmədiyi islahatları reallaşdırmağa cəhd etsin” – politoloq Petro Oleşuk belə deyir.

Карта підтримки двох кандидатів у президентиFotonun müəllifiUKRİNFORM

“Ancaq, əlbəttə ki, ən böyük problem Zelenskinin tam olaraq nələr edəcəyini bilməməyimizdir. Prezidentin komandasından da çox şey asılı olacaq – görək, onu hara yönəldəcəklər. Çox mümkündür ki, tezliklə təsir qrupları arasında daxili çəkişmələr başlasın və bu, Zelenskinin fəaliyyətinin effektini azaltsın” – Oleşuk BBC News Ukraynaya açıqlamasına bunları da əlavə edir.

Ukraynanın Gələcək Zaman İnstitutunun əməkdaşı Viktor Androsov: “Volodimir Zelenski ilk prezidentdir ki, seçicilərlə təmasda olmaq üçün böyük kanallara ehtiyacı yoxdur. Onun internet resursları və tərəfdarlar şəbəkəsi o qədər genişdir ki, oliqarxların televiziyalarından istifadə etmədən də öz ideya və planlarını çox rahat şəkildə cəmiyyətə çatdıra bilər. Bu o deməkdir ki, oliqarxlar digərlərinə etdikləri kimi, onu öz media resurslarıyla şantaj edə bilməyəcəklər”.

Avropa İttifaqı və NATO yönlü xarici siyasət kursu dəyişməyəcək

Bir çoxları Volodimir Zelenskinin hakimiyyətə gəlməsini məhz xarici əlaqələrə – Petro Poroşenkonun başlatdığı Avropa İttifaqı və NATO yönlü siyasi kursa təhlükə kimi qiymətləndirirdilər. Hər halda, son həftələrdə məlum oldu ki, Zelenskinin belə bir niyyəti yoxdur.

“Xarici siyasət kursu dəyişməyəcək. Ukrayna Avropa İttifaqına və NATO-ya inteqrasiya xəttindən kənara çıxmayacaq. İctimai çıxışlarında Zelenski bunu təsdiq edib. Onun Fransaya səfəri də bunu bəlli edən məqamlardan biridir. Ona görə də vəziyyət dəyişməyəcək, vizasız rejim davam edəcək” – Valeri Kloçok belə deyir.

Petro Onişuk hesab edir ki, ölkənin xarici siyasətdəki prioritetləri dəqiq ifadə olunsa və bunlara əməl edilsə, Qərbdəki partnyorlar üçün prezident kreslosunda Poroşenkonunmu, yoxsa Zelenskininmi oturmasının elə bir fərqi olmayacaq.

Siyasi şərhçi Olqa Musafirova qeyd edir ki, Volodimir Zelenskinin ikinci turdan əvvəlki bəyanatları onun Avropa yönlü siyasi kursu dəyişməyəcəyini və Putini Ukraynannın düşməni hesab etdiyini deməyə əsas verir: “Niyyətlər haqqında deklarasiyaların reallaşdırılmasına isə mətbuat nəzarət edəcək”.

Жінка на виборчій дільниці, біля портрета Володимира ЗеленськогоFotonun müəllifiUNIAN

Heç vaxt büdcə pullarından asılı olmayıb, uğurlu komanda yaratmaq təcrübəsi var

Volodimir Zelenskinin daha bir üstünlüyü kimi ekspertlər onun hakimiyyət strukturlarına çoxdan yerləşmiş ənənəvi Ukrayna siyasətçilərinə bənzəmədiyini qeyd edirlər.

“Zelenskinin biznesini o özü qurub, dövlət büdcəsindən heç bir asılılığı yoxdur. Ona görə də onun prezidentliyi varlanmaq məqsədi güdə bilməz” – Viktor Androsov belə hesab edir.

Tərkibi uzun illərdir dəyişməyən uğurlu komanda yaratmasını da politoloq müsbət hal kimi qiymətləndirir: “O, komanda işini təşkil edə bilir. Siyasət və islahatlar üçün bu, çox vacibdir”.

Milli-vətənpərvər qüvvələrin konsalidasiyası, konstruktiv müxalifətin yaranması

Ekspertlər həmçinin hesab edirlər ki, Zelenskinin qələbəsi Ukraynada konsturktiv müxalifətin yaranması və əvvəlki nailiyyətləri qorumaq istəyənlərin birləşməsi üçün “qıcıqlandırıcı” faktor ola bilər.

“Volodimir Zelenskinin hakimiyyətə gəlməsində mən bu gün ancaq bir müsbət cəhət görürəm – vətənpərvər qüvvələr Ukraynada rusiyapərəstlərin artmaqda olan revanşına qarşı səfərbər olacaqlar. Zelenskini qələbəsi milli dövlətçiliyin müdafiəsini prioritet hesab edənləri bir araya gətirməlidir. Yeni seçilmiş prezident bunun üçün çox yaxşı qıcıqlandırıcıdır” – politoloq Mixail Basarab belə deyir.

Siyasi şərhçi Olqa Musafirova isə “müxalifət” sözünün indiyə qədər Ukraynada neqativ məna daşıdığını, “düşmənlər” və “revanşistlər” sözləriylə assosiasiya edildiyini vurğulayır:

“Mümkündür ki, ən yeni tariximizdə ilk dəfə parlamentdə və ya onun xaricində konstruktiv müxalifət yaransın və gördüyü inamsızlıqdan dərs çıxarmış Poroşenko onun lideri olsun. Poroşenkonun beynəlxalq nüfuzu, təcrübəsi, ABŞ və Aİ-dəki siyasi-diplomatik, işgüzar və hərbi dairələrlə əlaqələri “təyyarənin ikinci qanadı” rolunu oynaya bilər. Bir çox demokratik Avropa ölkəsinin də təcrübəsi göstərir ki, müxalifət yenidən hakimiyyətə qayıda biləcək əvvəlki hakimiyyətdir”.

COMMENTS