Siyavuş Novruzdan ABŞ Dövlət Departamentinə cavab  -  BU CÜR HESABAT OLMUR

  • By admin
  • 14 Mart 2019 12:13

“ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarına dair hesabatını oxuyanda təəccüblənmədim. Çünki, bilirdim ki, hər il olduğu kimi bu dəfə də Azərbaycana qarşı yalan, qaralama o sənəddə əks olunacaq”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin 2018-ci il dünyada insan hüquqlarına dair hesabatını dəyərləndirərkən deyib.

Qeyd edək ki, DD-nin son hesabatında Azərbaycan hakimiyyəti kəskin tənqid olunub. Sənəddə ötən il həbs edilən və həbs zamanı işgəncə alan şəxslərin də adı yer alıb.

Bundan başqa polis orqnlarında işgəncələr və media azadlığının pozulması sənəddə qeyd olunur.

Siyavuş Novruzov isə bildirir ki, adıçəkilən şəxslər konkret cinayət əməli törədənlərdir: “Bu adamlar haqqında məhkəmə hökmləri var. Təəssüf ki, Dövlət Departamenti bu cür məsələləri araşdırmadan sənədə daxil edir. Diqqət etsəniz görəcəksiniz ki, oada mənbə həmin şəxslərin ailə üzvləridir, ya hansısa mediada yazılar xəbərlər, ya da Əli Kərimlidir. Hesabat hazırlanırsa bu formada olmamalıdır.

Bu gün Mehman Hüseynov azadlıqdadır amma onun adını hesabatda yazırlar. İlqar Məmmədovu götürək, o İsmayıllı hadisələrində konkret əməli vardı. Bakıdan yaşayan adam gedib İsmayıllıda camaatı qızışdırırdı.”

YAP-çı deputatın sözlərinə görə, hesabatın qeyri-obyektivliyi həm də orada  hüquqları pozulan qaçqın və məcburi köçkünlərə yer ayrılmamasıdır: “Dilqəm və Şahbazın adı orada yoxdur. Bu gün ölkədə yüz minlərlə insan öz bələdiyyəsini formalaşdıra bilmir. Çünki, torpaqları işğal altındadır.  Seçki fundamental hüquqlardan sayılır. Dövlət Departamenti isə bunu görməzdən gəlir”.

Azərbaycanda ifadə azadlığının tam təmin olunduğunu deyən deputat bildirib ki, hər hansı qadağadan söhbət gedə bilməz: “Bu gün Azərbaycan hökuməti xərc çəkib, ölkənin ən ucqar kəndini internetlə təmin edirsə, bu nə deməkdir? Sirr deyil ki, yeni dövrdə sosial şəbəkələr ənənəvi medianı geridə qoyur. Əgər insanlar istədiyi xəbəri oxuya bilirsə , hansı məhudlaşırmadan söz gedə bilər. Azərbaycan hüquqi dövlətdir. Hər bir əməl də qanunla məsuliyyət  deməkdir”.

Azərbaycanda siyasi məhbus olmadığını deyən Siyavuş Novruzov əlavə edib ki, bu hesabat hakimiyyətə təzyiq xarakteri daşıyır: “Görünür, yen maraqlar ortaya çıxıb və həmin maraqların təmin olunmas üçün bu cür aqressiya sərgilənir”.

 

Elmar Elnuroğlu

Gununsesi.org