Siyavuş Novruzov: “Götür-qoy edirik” - YAP-ın deputatlığa namizədləri nə zaman elan olunacaq?

  • By admin
  • 13 Dekabr 2019 10:40

 

Növbədənkənar parlament seçkiləri ilə bağlı hakim partiya daxilində qızğın müzakirələr başlayıb.

Belə ki, partiyanın deputatlığa namizədlər siyahısına düşmək uğrunda çalışan şəxslər mediada öz mövqelərini açıq ifadə edir. Ancaq məsələ onların istəyi ilə deyil, YAP- İdarə Heyətinin qərarı ilə müəyyən olunacaq.

Bəs görəsən, YAP özü bu siyahını nə zaman elan edəcək?

Gununsesi.org-un bu sualını cavablandıran YAP İcra katibininin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, siyahı üzərində iş gedir: “Namizədlərlə bağlı siyahı hazırlanır. Yaxın vaxtlarda İdarə Heyətində müzakirə olunacaq və uyğun şəkildə bu namizədlər irəli sürüləcək.  Seçki qanunvericiliyinə uyğun olaraq, seçkilərə 30 gün qalmışa qədər namizəd irəli sürüb və müvafiq sənədləri də toplayıb qeydiyyata alınmaq üçün təqdim edə bilərik. Yəni imza toplayırsan və sənədləri təqdim edirsən. Yəqin ki, növbəti həftələr ərzində YAP-ın namizədləri artıq təqdim olunacaq. Yəni 50 gün qalmışdan 30 gün qalmışa qədər olan bir prosesdir. Bununla bağlı araşdırmalar aparılır, götür-qoy olunur, ondan sonra dairələr üzrə yekun qərar verilir. Bütün bu işlər yekunlaşandan sonra mətbuata geniş şəkildə məlumat veriləcək”.

 

Gunay

Gununsesi.org