Siyavuş Novruzovdan Rusiyada yaşayan azərbaycanlı milyonçulara ittiham - BƏZİ ANTİ-AZƏRBAYCAN QÜVVƏLƏRİ MALİYYƏLƏŞDİRİRLƏR

  • By admin
  • 08 Dekabr 2018 11:53

Milli Məclisin dekabrın 7-də keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Rusiyadakı azərbaycanlı iş adamlarını sərt tənqid edib və sensasion ittiham irəli sürüb.

Gununsesi.org bildirir ki, deputat əvvəl onları fəaliyyətsizlikdə ittiham edib: “Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər var. Bu münasibətlərdən ən çox bəhrələnən kimdir? Rusiyada bizneslə, sahibkarlıqla məşğul olan azərbaycanlılar. Zatulin haqqında danışılır. Onun keçirdiyi toplantıda erməni diasporu iştirak edir və onların cəlb etdiyi insanlar var. Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondu və gənclər təşkilatlarından başqa hansı təşkilat orada tədbir keçirib? Hansı tədbir keçirərək Rusiya ictimaiyyətini oraya toplayır? Axı oradakı imkanlı şəxslər ölkələrarası imkanlardan istifadə edirlər, bəhrələnirlər. Rusiyada azərbaycanlılara qarşı hər hansı polis hücumu, başqa hərəkətlər yoxdur”.

Deputat deyib ki, onlar “Milyonerlər İttifaqı”(əslində isə qurum qeyr-rəsmi “Milyarderlər İttifaqı”adlanırdı-O.) yaradır, anti-Azərbaycan mövqeyi tuturlar: “Erməni planı əsasında Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməklə məşğuldurlar. Bu adamlar irəli çıxmalıdır. Rusiya parlamentində bir Zatulin var, amma yüzlərlə digər insanlar fəaliyyət göstərir, onları cəlb etmək lazımdır ki, ölkəmizin haqq sözünü desin. Tək dövlətlə deyil, insanlar da məsuliyyətini dərk etməlidir”, – deyə, o çıxışında vurğulayıb.