Slovakiyanın baş naziri İlham Əliyevlə nədən danışıb?

  • By admin
  • 13 Noyabr 2018 22:18

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 13-də Slovakiya baş naziri Peter Pelleqrini ilə görüşüb.

“Gununsesi” xəbər verir ki, dövlətimizin başçısı Peter Pelleqrinini Slovakiyanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

İlham Əliyev Peter Pelleqrininin baş nazir kimi ilk dəfə Azərbaycana səfər etməsindən və bu yüksək vəzifəyə təyin olunduğu az vaxtdan sonra ölkəmizə gəlişindən məmnunluğunu bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, P. Pelleqrininin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin inkişafı üçün əlverişli imkan yaradır.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Slovakiya münasibətləri ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı baxımından da önəmlidir. Dövlətimizin başçısı bu ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında Brüsseldə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədini Avropa İttifaqı tərəfindən Azərbaycanla əlaqələrə verilən önəmin göstəricisi kimi dəyərləndirib.

Slovakiya baş naziri xoş sözlərə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq edib. O, baş nazir kimi Azərbaycana birinci dəfə səfər etməsindən məmnunluğunu bildirərək bundan əvvəl parlament spikeri vəzifəsində çalışarkən Avropa Oyunları zamanı ölkəmizə gəldiyini vurğulayıb. O, bu mötəbər beynəlxalq tədbirin böyük uğurla təşkil olunduğunu deyib. Qonaq ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunaraq bu səfəri zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun önəmini qeyd edib və bunun iqtisadi sahədə əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcəyini vurğulayıb.