Sütlücə faciəsinin qəhrəmanı- O həm də Bakını fəth edən qəhrəman idi

Sütlücə faciəsinin qəhrəmanı

 

 

 

15 sentyabr Azərbaycanda illərdir ki, Bilik Günü kimi qeyd olunur. 15 sentyabr həm də Bakının işğaldan azad olunduğu gündür. Azərbaycan məktəblərində 15 sentyabrda hər şeydən danışırlar. Bircə 1918-ci ildən -uzaq və həm də yaxın  tarixdən danışmırlar. Halbuki, danışmalıdırlar. Nuri paşa Killigildən,  Qafqaz İslam Ordusundan, onun Bakını işğaldan azad etmək əzmindən, minlərlə Osmanlı türkünün Azərbaycanda dəfn olunan sümüklərindən, minlərlə  öz qurbanlarımızdan… Danışmırıq. Hərdən mənə elə gəlir ki, bizim orta məktəblərdə bu tarixi heç müəllimlərin özü belə bilmir. Təbii ki, müəyyən istisnalar olmamış deyil, amma böyük əksəriyyət bu haqda məlumatsızdır. Ona görə də Bilik Günündə biliyə dəxli olmayan hər şey haqqında danışırlar, bircə bundan başqa. Halbuki, o tarixi  qələbə olmasaydı, Bakı da olmayacaqdı. Bakını sevən hər kəs gərək tarixini də sevsin. Deməli, Nuri Paşanı da.

***

Əslində tərəddüdlü qəhrəmandır Nuri Paşa. Onu sevənlər gözüyumulu da sevə bilər, sevməyənlərin isə  tutarlı faktları  var əllərində. Bu da  Nuri paşanın Azərbaycana gəlişinin məramı ilə bağlı məsələdir. Bilirsiz ki, o,  Azərbaycanı   Osmanlıya ilhaq etmək  üçün gəlmişdi.  Bunun üçün də əlindən gələni etməyə çalışdı. Amma qarşısında Rəsulzadə və onun hökümətinin təpkisini görüncə, üzərinə düşən missiyanı vicdanla  yerinə yetirdi. O missiya Bakının xilası idi. O da Bakını erməni-daşnak birləşmələrindən  xilas edib onu qanuni sahibinə qaytardı.

***

Nuri paşanın bir məziyyəti də  Bakı qoçularını yerində oturtması idi. Qoçular o illərdə Bakının üz qarası idi.  “Açıq söz” qəzetinin 1916-cı il 20 noyabr sayında  M. Ə. Rəsulzadə Bakı qoçubazlığı haqqında  yazarkən ” Bakı cüzamı ” ifadəsindən istifadə edir,  “cüzamlı bir adam camaat arasına çıxmaqdan nə qədər utanırsa, qoçubazlığı ilə məlum bir cəmiyyət dəxi o dərəcədə utanmalıdır “– deyə yazırdı. Amma daha maraqlısını ƏLi Abbas Müznib yazmışdı. O yazıda Qafqaz İslam Ordusunun Bakı qoçularını necə zərəsizləşdirməsindən bəhs edilir. Müznib yazırdı.

“Türklər məni hərbi komendantlığa çağırdılar və minbaşı Tofiq bəyə katib təyin etdilər. Tofiq bəy tapşırdı ki, mənə xəbər verməmiş heç kimi kabinetə buraxma. Xunxar məhəlləli qoçu, başkəsən Malbaş Dadaş komendantlığa gəlib, birbaşa zabitin kabinetinə yönəldi. Mən qabağa yeriyib xahiş etdim ki, qoy özünə xəbər verim, sonra gir içəri. Malbaş qışqıra-qışqıra məni söydü. Bu vaxt Tofiq bəy özü qapını açıb, biz olan otağa keçdi: “Yahu, şu nə qeyli-qal?!”,- deyə Malbaşa acıqlandı. Mən fikirləşdim ki, türk zabiti gəldi-gedərdir. Malbaş isə kənddə qalacaq, mənə divan tutar. Vəziyyəti yüngülləşdirmək üçün astadan dedim: “Tofiq bəy, şu zat qoçudur”.

Tofiq bəy tünd-tünd ona baxdı, dönüb məndən, təəccüblə xəbər aldı: – Qoçu? Yahu, bu nə biçim şey?

 

Başa saldım ki, qoçu güclü, qolu-zorba adama deyirlər, kimi istəsə haqq-nahaq döyər, cəza verər… Tofiq bəy əlini döşünə vurub dedi:

– O bən. Qoçu bən.

Qapıdakı növbətçini çağırdı:

– Çavuş əfəndi, iki şər, subay səslə!

Çavuş bir anda iki əsgər çağırdı. Tofiq bəy barmağı ilə Malbaşı göstərib, əmr etdi:

– Şu pəzəvəng hərifin sırtına hərəniz qırx zopa endirərsiniz, bən gediyorum, varmasam, bən qayıdana qədər davam edərsiz.

Çavuş arxadan Malbaşı qucaqlayaraq quş kimi qaldırdı, otaqdan çıxardı. Malbaş ha vurnuxdu, ha qol-qıç atdı, heç nə hasil olmadı. Naxır bulağı meydanının ortasında Malbaşın paltarını soyundurub üzü-qoylu yerə sərdilər. Əsgərlər növbə ilə zopalamağa başladılar. Malbaşın bağırtısı, yalan olmasın, Nardaranda eşidilirdi. Huşunu itirdi, qanı axa-axa cicimə uzadıb evinə apardılar. Türklər Bakıdan gedəndən bir il sonra da yaralarına təpitmə, məlhəm qoyurdular, yenə sağalmadı. ”

***

Nuri paşanın öz aqibəti də betər oldu. Sütlücə hərbi fabrikində baş verən güclü partlayışda faciəli şəkildə  həlak oldu. Deyirlər ki, partlayış zamanı ölən 10 nəfərdən 7-sinin kimliyi tanınsa da, 3 nəfərin kimliyi müəyyən edilməmişdi. Onlardan biri də Nuri paşa idi. Paşanın yalnız ayaqqabısının bir tayı, paltarından bir parça qumaş, yaddaş kitabçası tapılmışdı. Kömürə dönən qol, qıç, baş və digər əzalardan hansının Nuri paşaya məxsus olduğu bilinmədi. Bakını fəth edən kişiyə belə ölüm heç yaraşmırdı.

***

20-25 il qabaq  Oğuzdan Bakıya gələndə  Qobustanda yol kənarındakı tənha məzara baxıb, “bu bədbəxti  burda niyə dəfn ediblər? deyə soruşurdum. Sualım havadan asılı qalırdı. Heç kim demirdi ki, o bədbəxt deyil, o şəhiddir, o Qafqaz İslam Ordusunun şərəfli əsgəridir, Bakını xilas etmək üçün ta Osmanlıdan Bakıya gələn Nuri paşa Killigilin nur üzlü mehmetciyidir. 20-25 il sonra bu tarixi ovcumun içi kimi bilirəm.Hər il  Bilik Günündə bu tarixdən danışaq. Böyüyən hər bir uşaq da tarixini  ovcunun içi kimi bilsin deyə.

Ləman Ələşrəfqızı xüsusi olaraq,

Gununsesi.org

COMMENTS