Təqaüd sisteminin təkmilləşdirilməsi istedadlı gənclərə böyük dəstəyidir - PROFESSOR MAHİRƏ HÜSEYNOVA

  • By admin
  • 16 Fevral 2019 23:26

“Prezident İlham Əliyevin ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında Fərmanı, təqaüd sistemi ilə bağlı sərəncamları Azərbaycanda təhsil sahəsində ən yüksək nəticələr əldə edən tələbələrə dövlət qayğısının daha bir təzahürü olmaqla, onların sosial müdafiəsini gücləndirmək məqsədini daşıyır. Tələbələrin maddi rifahının yaxşılaşması ölkə Prezidentinin daim diqqətindədir”.

Gununsesi.org xəbər verir ki, bu fikri Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova AZƏRTAC-a müsahibəsində söyləyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev tələbələrin maddi rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır: “Elə bu günlərdə imzalanmış Fərman bunu bir daha təsdiq etdi. Həmin Fərmana əsasən Prezident təqaüdünün məbləğinin artırılması yüksək istedadlı tələbələrə böyük qayğının göstəricisidir. Bu sənəd, həmçinin auditoriyada tələbələrə dərs deyən müəllimlər üçün böyük mənəvi dəyərdir. Biz müəllimlər tələbələrə bu cür diqqət və qayğıdan qürur duyuruq. Bilirsiniz, insan qayğı və diqqət hiss edəndə daha inamla irəliləyir, xüsusən də gənc nəsil. Sabahın qurucuları olan bu gənc nəslin nümayəndələri gələcəkdə orta və ali məktəblərdə işləyəcək və tələbəlik illərində ölkə Prezidenti tərəfindən gördükləri bu münasibəti heç vaxt unutmayacaq, xoş xatirələrini şagirdləri və tələbələri ilə bölüşəcəklər. Bu, tarixə yazılan bir qərardır”.

Professor Mahirə Hüseynova İlham Əliyevin fevralın 14-də “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” və “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncamlar imzaladığını da qeyd edərək, bütün bunların ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. “Təqaüd sisteminin təkmilləşdirilməsi ölkə rəhbərinin istedadlı gənclərə böyük dəstəyidir. Gənclərimiz dövlətimizin qayğısını daim hiss edirlər”, – deyən müsahibimiz Azərbaycanda elmə və təhsilə qayğının ən yüksək səviyyədə olduğunu və xalqımızın daha yaxşı gələcəyinə hesablandığını bildirib.

Gununsesi.org