Taksilərdə siqaret qadağası qanuniləşdi - CƏRİMƏLƏR GƏLİR

  • By admin
  • 17 Aprel 2019 09:29

 

Prezident İlham Əliyev aprelin 15-də “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanunun tətbiqi barədə 2017-ci il fevralın 23-də imzaladığı fərmana dəyişiklik edib.

Gununsesi.org xatırladır ki, söhbət “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə sənədə dəyişiklikdən gedir. Fərman taksidə siqaret çəkənləri hansı dövlət qurumunun cərimələyəcəyini müəyyən edir.

Sənədə əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək. Bu cərimənin məbləği 40 manatdan 50 manatadəkdir.

Bəs məsələ ilə bağlı taksi sürücüləri nə deyirlər?

“Yeni Müsavat”ın əməkdaşı Bakıda fəaliyyət göstərən taksi sürücüləri ilə söhbət edib, onların qanuna münasibətini öyrənib.

Sürücülərin fikirlərinə keçməzdən öncə yada salaq ki, Milli Məclisdə ötən il siqaretlə bağlı qadağalar müzakirə edilmişdi. Belə ki,  Milli Məclis 2018-ci il oktyabrın 1-də İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişikliklər etmişdi. Deputatlar həmin məcəllənin 212 və 322-ci maddələrinə dəyişiklik layihəsini müzakirəyə çıxarmışdılar. Konkret desək, məcəllənin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması” adlanan 322-ci maddəsinə siqaretlə bağlı dəyişiklik olunmuşdu.

Dəyişikliyə görə, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində, taksilərdə siqaret çəkənlər 40-50 manat cərimə olunmalıdırlar. Azərbaycanda siqaretlə bağlı qanunvericilik 2017-ci ildə də sərtləşdirilib. Parlament həmin ilin dekabrında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edib.

Həmin qanun səhiyyə, elm, təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, sirk binalarında, sərgi və nümayiş salonlarında siqaret çəkilməsinə icazə vermir. Habelə, bura idman yarışları, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallar, ticarət, məişət, sosial xidmət obyektləri daxildir.

Siqaret çəkməkdən ötrü ayrılan xüsusi yerlər istisna olunmaqla hava, dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobus dayanacaq məntəqələrində də siqaret çəkilməsinə icazə verilmir.

Qanun iş yerlərində siqaret çəkilməsinə yerin ayrılmasını işəgötürənin ixtiyarına buraxır. Bu qaydaları pozanlar isə mülki, inzibati qaydada məsuliyyət daşıyırlar.

Ancaq bu gün görürük ki, qəbul edilən qanuna heç də əməl olunmur. Yenə də kafelərdə, yuxarıda qadağan olunmuşlar siyahısında adıçəkilən yerlərdə siqaret çəkənlərə rast gəlinir. Bəs siqareti taksidə qadağan etmək mümkün olacaqmı?

Taksi sürücüləri ilə söhbətimizdə onlar bildirdilər ki, hazırda cavan sürücülərin çoxu maşında siqaret çəkilməsinə razılıq vermir. Bu barədə  danışan sürücü Fərman Abdulov aşağıdakıları söylədi: “Taksidə istifadə edilən avtomobillərin ili ilə bağlı qadağa qoyulandan sonra bütün taksi fəaliyyəti göstərən maşınlar yeniləndi. İndi əksər maşınların istehsal ili 2007-dən sonraya aiddir. Cavan sürücülərin çoxu şirkətlərdə işləyirlər. Taksi şirkətləri də tələb qoyurlar ki, sürücülər sərnişinlə nəzakətli davransın, avtomobili təmiz saxlasın və sairə. Sürücü razı qalmayanda şirkətə şikayət edə bilir. Ona görə də əksər sürücülər taksidə siqareti çoxdan qadağan ediblər. Ancaq sovet maşınlarında, kəndlərə işləyən taksilərdə siqaret çəkənlərə rast gəlinir”.

Hər gün 8-ci kilometr bazarının yanından Kürdəxanıya 1 manatdan sərnişin daşıyan sürücü Əhməd bildirdi ki, maşınında sərnişinlər çox vaxt siqaret çəkirlər: “Yeni qərardan xəbərimiz var. Taksidə qadın olmayanda, mən də, sərnişin də siqaret çəkirik. İndi yəqin ki, qaydalara uyğun olaraq çəkməyəcəyik. Ancaq inanmıram ki, bu qanun da işləyə. Məsələn, Kürdəxanı yolunda elə küçələr var ki, orada heç vaxt polis olmur. Onda gərək hər taksinin dalına bir polis maşını düşə, içərini izləyə. Çətin məsələdir, görək axırı necə olur”.

Taksi sürücüləri söylədilər ki, hələ ki onlara məsələ ilə bağlı yol polisi tərəfindən xəbərdarlıq edən olmayıb.

Bəs bu qanun necə işləyəcək?

“Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert İlqar Məmmədov söylədi ki, əslində digər qonşu ölkələrdə oxşar qanun uzun müddətdir ki, tətbiq olunur: “Türkiyə Cümhuriyyətində bu qanun çox mütəşəkkil şəkildə tətbiq olundu və faydasını da hər kəs görür. Orada vətəndaşlar artıq ictimai nəqliyyatda siqaret qadağasını qəbul ediblər və riayət də edirlər. Burada cərimələrin tətbiqi məsələsi də var. Artıq sürücülərin özləri bilavasitə sərnişinləri təşviq edəcəklər ki, siqaret çəkməsinlər. Azərbaycanda bir zamanlar 90 faiz sürücülər təhlükəsizlik kəmərindən istifadə etmirdilər. Ancaq son tətbiq edilən cərimə və qadağaların sərtləşdirilməsi lazımi effektin alınmasına səbəb oldu. Buna mənada hesab edirəm ki, taksidə siqaret qadağasına da sərnişinlər öyrəşəcəklər. Bu, doğru qərardır. Təəssüf ki, kafe və restoranlarda da qadağanın olmasına baxmayaraq, buna tam olaraq əməl edilmir. Orada da cərimələr mütəşəkkil olarsa, sözsüz ki, bu, öz praktik həllini tapmış olar. Fərdi nəqliyyat vasitələrində insanlar siqaretdən istifadə edirlərsə, artıq salonda olan insanların hamısı tüstünü qəbul edirlər. Siqaretin passiv iştirakçıları isə tibbi baxımdan daha çox zərər görürlər. Kompleks formada yanaşanda  qəbul edilən qərar olduqca əhəmiyyətlidir”.

Ekspert bildirib ki, yol-hərəkəti qaydalarını pozan sürücülərin bir çoxu siqaret çəkdikləri an bunu edirlər: “Siqaretin qeyd etdiyimiz ziyanları ilə yanaşı, başqa bir zərəri də var. Belə ki, siqaret çəkən sürücü avtomobil qəzalarına, yol-hərəkəti qaydalarının pozulmasına da səbəb olur. Siqareti yandırma anında sürücünün diqqəti yayınır və qəza qaçılmaz olur. Təcrübədə bir neçə belə hal da olub ki, avtomobildə siqaret çəkilməsi nəticəsində nəqliyyat vasitəsi alışıb. Biz burada siqaretə yalnız ətraf mühitə, insanların sağlamlığına zərər verən bir faktor kimi yanaşmırıq. Eyni zamanda məsələyə nəqliyyat hadisələrinin və yol-hərəkəti qaydalarının pozulması kontekstindən də yanaşmaq lazımdır”.