Tanınmış vəkillərdən Şəhla Hümbətovaya dəstək – "Onu Vəkillər Kollegiyasına geri qaytarın"

  • By admin
  • 30 Noyabr 2019 11:18

Vəkillər Kollegiyasının tanınmış vəkil Şəhla Hümbətovanı cəzaandırması onun öz həmkarları arasında etirazlara səbəb olub. Bir sıra vəkillər sosial şəbəkələrdə vəkil Şəhla Hümbətovaya dəstək statusları yazırlar. Gununsesi.org həmin statuslardan bir neçəsini sizə təqdim edir:

Vəkil Aqil Layicov: “Şəhla Hümbətova vəkil deyildi, hüquqşünas idi, onunla uşaq evinə ziyarətə getmək üçün kimsəsiz uşaqlara paltar, kitab-dəftər və yeyib-içmək almaq üçün birlikdə bazarlığa getmişdik. Vasəitimizdən əlavə o, iş adamlarını/satıcıları təşviq edir ki, uşaqlara əlavə hədiyyələr versinlər. Onun bu xoş niyyətini görən sahibkarlar müəyyən qədər pulsuz paltar və qida da əlavə olaraq verdilər. Nəhayət, uşaq evinə çatdıqda onun əslində, necə rəhmli və xoş niyyətli olmasını ilk dəfə onda gördüm və uşaq kimi kövrək ürəyə və saf niyyətə sahibdir. Bu gün Vəkillər Kollegiyasında onun barəsində qəbul edilmiş qərarı da şərh edərək, əslində yenə də çox səmimi izah verdi və bizi aydınlatdı, beyinlərdə yarana biləcək suallara aydınlıq gətirdi. Kollegiya rəhbərliyindən üzv kimi xahiş edirəm ki, onun barəsində çıxarılmış qərara yenidən baxılması yönündə addımlar atasınız və onun kollegiyadan çıxarılması barəsində məhkəməyə müraciət qərarını dəyişəsiniz”.

 

Vəkil Əziz Qənbərov: “Şəhla Hümbətovanı şəxsən tanıyıram. Gəncə hadisələrinin məhkəmə istintaqı zamanı tanış olmaq şərəfinə nail oldum. Vicdanlı, dürüst, çox kişidə olmayan cəsarət, istintaq tərəfinin qorxulu röyası, qısacası, əsl VƏKİL-dir. Bu günki vəziyyətdə onun Vəkillikdən uzaqlaşdırılması Vəkillər Kollegiyasına müsbət heç nə verməyəcək. Ümid edirəm ki, Kollegiyamız bu məsələdə də qərarına yenidən baxaraq, hər birimizi sevindirəcək yeni qərar qəbul edəcək”.

 

Vəkil Elçin Sadıqov: “Vəkil Şəhla Hümbətova həmişə vəkilliyin nüfuzunu qaldıran, ölkədə vəkil adına hörməti artıran vəkildir. Onun VK dan çıxarılması qərarı qəbuledilməzdir. Şəhla Hümbətova ehtimal olunan pozuntunun törədilməsindən 1 ildən çox keçməsinə baxmayaraq, cəzalandırılıb və hazırda üzvlük haqqını tam ödəyib. Ona görə də, onun VK-dan çıxarılması barədə qərarın ləğv edilməsinə çağırıram.

 

Qeyd edək ki, ötən gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda tanınmış vəkil Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb.

 

 

Gununsesi.org