Tarixi abidələrin qorunması sahəsində vəziyət acınacaqlıdır- MÜSAHİBƏ

Tarixi abidələrin qorunması sahəsində vəziyət acınacaqlıdır

Son günlər sosial şəbəkələrdə, media orqanlarında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda qala divarları boyu iaşə obyektlərinin tikilməsi ilə bağlı yayılan xəbərlər cəmiyyətdə birmənalı qarşılanmadı. İctimaiyyət nümayəndələri, sıravi vətəndaşlar qala divarları boyu tikinti işlərinin aparılmasına etirazlarını bildirdilər. Hətta bir neçə deputat da bu hadisəyə narazılığını bildirdi. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidməti isə bütün deyilənləri, yazılanları təkzib edirdi və bildirirdi ki, hazırda İçərişəhərdə heç bir tikinti işləri aparılmır. Mətbuat xidmətinin məlumatına görə, qala divarlarına bitişik tikili sökülərək oradan uzaqlaşdırılır. Onların sözlərinə görə, restoranın qoruğun divarları üzərində tikilmiş hissəsini oradan qaldırırlar. İdarədən onu da deyiblər ki, köhnə restoranın yerində şəhər sakinləri və turistlər üçün bağlı tipli yay kafe-terrası tikiləcək.Bu arada məlum olur ki, 4 dekabr 2018-ci il tarixində “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin Kiçik Qala küçəsi 19-21 ünvanlarında metal konstruksiyalı 4 restoranın qurulması ilə bağlı tenderi Uni Ko MMC əldə edib. Müqavilənin dəyəri 901 min manatdır.Aprelin 26-da birinci vitse prezident Mehriban Əliyeva da sözügedən əraziyə baş çəkib. O, mediaya müsahibəsində bildirib ki, həmin ərazidə olan obyektlər əvvəlki formasına salınacaq, heç bir əlavə artırma olmayacaq. Qala divarlarının qarşısı kəsilməyəcək.Bütün baş verənlərlə bağlı, eləcə də Azərbaycanda tarixi abidələrin qorunması ilə bağlı tarixi abidələrin müdafiəçisi Aytəkin İmranova ASTNA-nın suallarını cavablandırıb.

***

-Aytəkin xanım, Azərbaycanda tarixi abidələr necə qorunur?

-Demək istərdim ki, tək-tək abidələr çıxmaqla, ölkədə tarixi- mədəni irs qorunmur. Amma heçonu da deyə bilmirəm, ona görə ki, ən məşhur abidələr belə zaman- zaman arzuolunmazəməliyyatlara məruz qalırlar. Məsələn, bir müddət əvvəl – Qız Qalası, illərdir İçərişəhərin ərazisində gedən”təmir- tikinti”, söküntü işləri. Qoruq zonalarının statusuna əməl edilmir, bölgələrdən qoruqların ərazisinin bələdiyyələr və başqa qurumlar tərəfindən zəbt edilməsi, bərpa adı ilə abidələr üzərində cari təmir işlərinin aparılması, onlara üzlük və başqa müasir materiallar vurulmaqla tarixi görünüşündən məhrum edilməsi və s. Ən dəhşətlisi hansısa infrastruktur və kommunikasıya yaradılması bəhanəsi ilə onlarla abidənin birbaşa dağıdılmaya mərus qalmasıdır. Məsələn, “Qış bulvarı” adı ilə qeyri- müəyyən, məğzi bəlli olmayan bir “layihə”nin həyata keçirilməsi üçün Fizuli,Ş.Bədəlbəyli, M.Əliyev və s. küçələrdə onlarla tarixi, ölkənin dövlət reyestrinə salınmış abidələrin yerlə- yeksan edilməsi, Sovetski deyilən ərazidə bir tarixi məhəllənin hüdudlarından qat-qat böyük ərazidə yüzdən çox abidənin sökülməsi, söküntü zamanı daha dərin qatlarda aşkar olunan başqa qədim tikinti qalıqlarını ört- basdır etmək üçün təcili üstünün beton- sement ilə bağlanması,hələ mövcud abidələrüzərində”abadlaşdırma, gözəlləşdirmə” və s. işlər apararaq onların tarixi görkəmini məhv etmək- bu nə məntiqlə, nə sağlam düşüncə ilə izah edilə bilməz.

Baxmayaraq ki, müəyyən qanunvericilik aktları var, Azərbaycan bu sahədə müxtəlif beynəlxalq sənədlərə də qoşulub, amma mövcud təcrübə və hazırkidurum onu göstərir ki, bu sahədə vəziyyət nəinki qənaətbəxş deyil, hətta həyacan doğurucudur.

Sovet dönəmində yaxşı-pis yaradılmış,ixtisaslaşmış strukturlar, maddi- texniki baza, təcrübəli kadrlar, texnologiya, norma və standartlar məhv edilib, darmadağın edilib, yerinə heç nə yaradılmayıb.

Tək- tək bölgələrdə abidələrin qorunması yerli strukturların vicdanına buraxılıb. Məsələn, Naxçıvan, Şəki qismən qənaətbəxş hesab edilə bilər.

Bu, xüsusi ilə izaholunmazdır. O səpkidə ki, Azərbaycan öz qədim irsinə, müxtəlif mədəniyyətlərin mövcudluğuna, burada məskunlaşmanın davamlı və ardıcıl on min illər davam etdiyinə görə dünyanın tək- tək ərazilərindəndir. Ölkəmiz şəhər mədəniyyətinin yarandığı ərazilərdən biridir.Buradakı onlarla şəhərin tarixinin 5 min ildən çox olduğu arxeoloji araşdırmalarla təsdiqlənir. Təbriz, Naxçıvan, Dərbənd, Bərdə, Gəncə, Şamaxı, və s. O cümlədən adı ən qədim yazılarda keçən Bakı. Bu ölkəmizin şansı və avantajıdı, üstünlüyüdür, bundan lazımınca istifadə olunsa, hər hansı faydalı qazıntıdan qat-qat çox xeyir verər. Ona görə tarixi- mədəni irsə məmurların belədüşmən münasibəti birbaşa dövlətçiliyə qarşı yönələn fəaliyyətlər kimi qiymətləndirilməlidir.

-İçərişəhərdə zaman-zaman aparılan tikinti-söküntü işlərindən xəbərdarsınız. Hazırda da İçərişəhərdə hansısa işlər gedir. Bir tarixi qoruqda aparılan işlərə görə hansı dövlət orqanı cavabdehlik və məsuliyyət daşıyır? Bu baş verənlərə görə kim cavab verməlidir?

-Abidələrin qorunmasında bir ierarxiya var. İlk əvvəl tarix- mədəniyyət abidələrinin siyahısını təsdiq edən və onları dövlət reyestrinə salan Nazirlər Kabineti, daha sonra müvafiq icra strukturları, Mədəniyyət Nazirliyinin Mədəniİrs İdarəsi, bilavasitə Içərişəhərlə əlaqədar qoruq direksiyasi. Əsasnamələrinə görə, bu direktorluq qoruq ərazisində bütün işlərə rəhbərlik edir. Nə yazıq ki, bütün münaqişəli vəziyyətlərdə bu struktur birbaşa qorunmasına məsuliyyət daşıdığı abidələrin qorunması üçün nəinki hansısa fədakarlıq, heç vəzifəsinə düşən funksiyaları da yerinə yetirməyib. Biz 2006-2009 – cu illərdə “Azneft” meydanına çıxan ərazidə kütləvi söküntülərə etiraz etdiyimiz zaman və məhkəmə iddiası qaldırdığımız vaxt Qoruq direksiyasının hüquqşünası otel tikən şirkəti müdafiə edirdi.

Maraqlıdır ki, 2009 və sonrakı illərdə rəsmən tarix- mədəniyyət abidələrinin siyahısına düşən Neftçilər pr. 87-85-də bir binanın sökülməsinə rəvac verən Qoruq direksiyası, bunu Qız Qalasının xarici görünüşünü korladığı ilə əsaslandırırdı. Amma həmin bina Qaladan 30-50 metr kənarda yerləşirdi və 1885-ci ildən Qala ilə uzlaşırdı. İndi Qala divarları ilə heç 5 metr məsafəsi olmayan bir tikiliyə deyirlər ki, mənfi təsiri yoxdur. Onların anlayışına görə, qədim bina Qız qalasının görünüşünü korlaya bilər, amma restoran Qala divarlarının xarici görünüşünə təsir etməz.

-Belə fikirlər var ki, Içərişəhərdə baş verənlərə məsuliyyət daşıyanların razılığının və narazılığının olması heç nəyi dəyişmir. Yəni, bütün işlər yuxarıların razılığı ilə baş verir. Neçə gündür məsul orqanlar həmin ərazidə tikinti-söküntü işlərinin aparıldığını, tarixi abidəyə hansısa zərər vurulduğunu təkzib etməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Niyə tarixi abidələrə münasibət bu cürdür?

-Mənim bu suallara cavabım yoxdur. İllər boyudur, mən bilirəm ki, başqa insanlar da bu suallara cavab axtarırlar. Hələ bizim tədbirlərin birində iştirak edən Bakının keçmiş baş memarı, məmur Sənan Əlizadə belə soruşurdu ki, niyə belə edirlər.. Hətta sonra belə bir sual da verdi ki, ola bilərmi ki, bilə-bilə edirlər.

Mən bilmirəm. Bütün qanunlarda, Konstitusiyada yazılıb ki, tarixi- mədəni irsi qorumaq hər kəsin borcudur. Və hər kəsə məxsusdur bizim mədəni irs.

Bəlkə hər sahədə mütəxəssislər səlahiyyət sahibi olmadığından, bəlkə ictimaiyyətdə tarixi şüurun hakim olmadığından. Bəlkə hədsiz hakimiyyət məmurları özbaşınalığa təhrik etdiyindən, ictimaiyyətin rəyinin nəzərə alınmamağından…Çoxlu bəlkələr var.. Amma hamısı birlikdə də dövlət rəsmilərinin özünəqəsd kimi qiymətləndirilə bilən bu hərəkət və ya hərəkətsizliyini izah edə bilmir. Millətlər və dövlətlər öz tarixi və mədəniyyətləri ilə tanınır, fərqlənir, bu, onların identifikasiya kodudur.

-İçərişəhər həm də UNESCO-nun siyahısındadır. Deməli, Azərbaycanın həm də UNESCO qarşısında o tarixi abidənin qorunması ilə bağlı bir öhdəliyi var. Amma belə görünür ki, bu fakt da önəmsizdir. UNESCO-nun təcrübəsi nə deyir? Sizcə, ora hansısa ziyan vurulacağı təqdirdə Azərbaycan beynəlxalq təşkilatlara nə cavab verəcək? Və yaxud UNESCO Azərbaycandan nə tələb edə bilər?

– Dünyada olan başqa mədəni şəbəkələr hətta UNESCO-nu da davamlı olaraq ləng və dişsiz fəaliyyətinə görə tənqid edirlər. Bu, dövlətlərin qurumudur və bəzi diplomatik reveranslar edir. Azərbaycan başqa beynəlxalq konvensiya və deklarasiyalara da qoşulub. Məsələn, Avropa mədəni irsi barədə. Dünya mədəni irsinə daxil olan abidələrin isə əgər belə demək olarsa, daha gücləndirilmiş statusu olur. Bizim qanunvericilikdə də lazımınca mexanizmlər var.

Qoruq ərazilərinin xüsusi statusu var: burada ağır texnikanın istifadəsi qadağandır, yerin təkində aparılan işlər zamanı xüsusi arxeoloji ekspedisiyanın nümayəndələri iştirak etməlidir və s.

Tarixi şəhərlər assosiasiyası var. Artıq bir dəfə- yeni tikililərə görə- Qız qalası ilə üzbəüz, bazar meydanının arxasındakı hündür binanı və s. UNESKO İçəriŞəhəri təhlükədə olan abidələr siyahısına salmışdı. Bu, yenə də ola bilər. Ona görə ki, qoruğun hər yerində xırda- böyük müxtəlif əlavələr, yeni tikililər mövcuddur, hərə öz zövqünə görə son dövrlər dəbə minən “gözəlləşdirmə, abadlaşdırma” işlərini aparır. Tarixi əraziləri gözəlləşdirməyə ehtiyac yoxdur, onlar öz dövrünün abu- havasını yaşatmalıdırlar.

-Xarici ölkələrdə İşərişəhər kimi abidələr necə qorunur? Xarici ölkələrin təcrübəsi bizə nə deyir?

-Mən beynəlxalq tədbirlər keçirilən iki tarixi şəhərdə- Çernoqoriyanın Kotor və Belçikanın Mexelen şəhərində olmuşam. Qoruq ərazisi rəsmən qeyd ediməsə də, amma qorunması yüksək səviyyədə olan İstanbulun qədim abidələrini çoxu görüb, hansısa təkkəni mamır basıb, amma onun daşların heç kəs yonmur. Kotorda bir kampaniya keçirilirdi ki, qoruğun sərhədlərindən xeyli kənar bir ərazidə iqtisadi bir zona təşkil olunurdu, fəallar hesab edirdi ki, bu qoruğu kölgədə qoya bilər. Belçikadan heç nə demirəm, orda bir abidəni 3-4 il idi ki, fırçalarla tozun təmizləyirdilər.

Amma orada da bu işlər müqavimətsiz baş verməyib. Avropa deyir, 20 əsrin 40-50 -ci illərinə qədər abidələrə müəyyən ziyan dəyib, amma mədəniyyət, gənclər üzrə ali komissar deyirdi ki, indi mədəniyyətonlar üçün iqtisadiyyatdan üstün dəyərdir. İstanbulda vaxtilə memarlar, bu sahəyə aid olan başqaları (həmkarlar, dərnəklər) çoxminli yürüşlər keçiriblər.

Dünyanın heç yerində, istər Asiya, istər Avropa- şəhərlərin tarixi mərkəzlərində yeni tikinti aparılmır, zəruri olan hallarda 5-7 mərtəbə məhdudiyyəti var ki, qədim binaların masştabı korlanmasın. Bizdə də prezidentin fərman və sərəncamları var, amma…

Bizim məmur və iş adamlarına antikvariat, muzey,arxiv anlayışları yəqin ki, çatmır. Amma normal dövlətlərdə bu, önəmli deyil. Ona görə hər işlə o işin peşəkarı məşğul olur. Ona görə ki, orada qanunlar işləyir. Ona görə ki, orada ictimai rəy ciddi rol oynayır.

-Siz özünüz nə təklif edirsiniz? Azərbaycanda tarixi abidələri qorumaq üçün nə etmək lazımdır? Hökumət nə etməlidir? Xalq nə etməlidir?

-Hər dövlətin prioritetləri, siyasətinin vacib istiqamətləri mövcud olur. Üstün dəyərlər müəyyənləşməlidir.İndi dünyada ekologiya, sağlam həyat şəraiti, mədəni mühitin qorunması xüsusi önəm kəsb edir. Dövlətimizin ən yüksək rəsmiləri və bütün hakimiyyət ierarxiyası ölkənin həssas durumunda tarix- mədəniyyət irsinin qorunmasının nə qədər vacib olduğunu anlamalıdırlar. Dağlıq Qarabağ münaqişəsi bizim vaxtında öz irsimizi lazımınca təqdim etmədiyimizin bir nümunəsidir. Qarabağ və Naxçıvan abidələri əsasında faktaraşdırıcı komissiya mövcud olduğu halda bizim paytaxtdaabidələrimizi sökməyimiz düşmənə əlavə arqument verir.

Prezidentin on ildən çox əvvəl bir sərəncam və ya fərmanı var idi ki, tarix- mədəniyyət abidələrinin qorunması üçün Dövlət Proqramı hazırlansın. Hara sorğu verdik, cavab verən olmadı. Əksinə, mövcud abidələri sökdülər.

Son illərdə elə bil ki, abidələrin sökülməsi barədə proqramları olduğundan Milli Məclisə tarix- mədəniyyət abidələrinin qorunması, bərpası və s. barədə qanuna dəyişikliklər təqdim edildi və qəbul olundu. Bərpa işləri anlayışı abidələr üzərində iş anlayışı ilə əvəz olundu. Keçmiş qanunda vardı ki, dövlət siyahısına daxil edilmiş abidələr oradan çıxarıla bilməz, o maddəni də götürdülər, sonradan Sovetskidə paketlə abidələr siyahıdan çıxarıldı.

Bu qanunlara edilən dəyişikliklər ləğv olunmalıdır, mövcud dunya təcrübəsinə inteqrasiya edilməlidir. Dağıdılmış bərpa strukturları bərpa olmalı və mövcud mütəxəssislər toplanmalıdır. Qanunda olanmühafizə tədbirlərinə ciddi riayət edilməli, abidələrə vurulan ziyana görə cəzalar sərtləşdirilməlidir. Mədəniyyətə ayrılan vəsait artırılmalı, ciddi ictimai nəzarət altında olmalıdır. Dövlət ayrı-ayrı ekspertləri və onların qurumlarını mədəni irsi qoruma tədbirlərinə cəlb etməlidir. Ictimaiyyət pozuntu hallarına ciddi təpkigöstərməli, yaxından öz mədəni irsləri ilə məşğul olmalıdır. KİV geniş maarıfləndirməverilişləri, proqramları və materialları hazırlamalıdır. Biz bir müddət əvvəl uzun təkliflər paketi hazırlamışdıq, amma nə yazıq ki, son illər ancaq təcili xilasetmə aksiyaları ilə məşğul olmalı olduq.

COMMENTS