Tbilisi: “Su-24”-ün turizmdə “rus açılımı” - REPORTAJ (FOTOLAR)

  • By admin
  • 10 İyun 2016 16:55

Tbilisi reportajj 3

Ərdoğan-Putin qarşıdurması gürcülərin işinə əməlli-başlı yarayıb. Bunu Tbilisi səfərimizdə öyrəndik. Su-24 pilot təyyarəsinin Türkiyədə vurulması Gürcüstan turizminə böyük gəlir gətirməyə başlayıb. Eyni zamanda, Misirdən qayıdan turistlərin olduğu təyyarələrin də partlaması Şarm – əl Şeyx bölgəsinə axını dayandırıb.

 

Tbilisidə turizm firmalarından birində çalışan Dato deyir ki, Gürcüstan hökuməti “rus açılımı” etməkdədir. İvanişvili iqtidarı olub-keçənləri müvəqqəti unudub, arxa plana keçirib, turizmin inkişafı naminə ruslara Gürcüstanın qapılarını açıb.

 

Tbilisi reportaj 5 İndi rus turistlər ərəb ölkələrindən – İordaniya, Tunis və Birləşmiş Ərəb Əmirliyinə (Dubaya) üstünlük verir. Son bir neçə ayda isə 4 min nəfərdən çox rus turist Gürcüstana ayaq açıb. Bu, Misir və Türkiyənin turizm zonalarının iflası deməkdir.

 

Hətta 2008-ci ildəki üç günlük müharibədən sonra belə gürcü hökuməti rus turistlərə qapılarını açmaqda problem görmür. Təki ölkəyə maliyyə daxil olsun. Terror təhlükəsi isə Antalya, Bodrum, Quşadası kimi Türkiyənin turizm bölgələrinə rusların gedişini əngəlləyib. Bir tərəfdən də Rusiya mediası gecə-gündüz Ərdoğanın rəhbərlik etdiyi ölkədə terror ehtimalının yüksək olduğunu təbliğ edir.

 

Dato danışır ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi dolayısı ilə Gürcüstana sərf edir. Ancaq bunun haçana kimi davam edəcəyi qeyri-müəyyəndir. Hazırda paytaxtdan əlavə, Kabuleti, Kutaisi, Bakuraini, əsasən də Batumiyə rus turistlərin axını müşahidə olunur.

 

Həmsöhbətimizin sözlərinə görə, rus turistlərin ölkəyə girişi faktoru qiymətlərə qeyd-şərtsiz təsir edib. İstər-istəməz hotel və restoranlarda bahalaşma qeydə alınıb. Amma qiymət artımını təkcə ruslarına ayağına da yazmaq olmaz.

 

Tbilisi reportaj Dolların məzənnəsinin yüksəlməsi və gürcü larisinin qismən devalvasiyaya məruz qalması ölkə iqtisadiyyatını silkələyib. Xüsusilə, altında qırmızı xəttlə cızaraq demək lazımdır ki, Tbilisi azərbaycanlılar üçün daha əvvəlki ucuzluq, bolluq şəhəri əhəmiyyətini itirib. Manatın iki dəfə devalvasiyası qonşu ölkədə tamamailə dəyərsiz əskinasa çevirib. Vaxtilə 100 manat 200-210 lari idisə, indi 130-135 laridən artıq deyil.

 

Dato deyir ki, azərbaycanlı turistlər artıq bahalıqdan şikayətlənirlər: “Onlar üçün münasib yer Tbilisidir. Məsələn, 200 manata bir neçə gün normal istirahət edə bilirdilər. İndi manatın ucuzlaşması ikiqat xərcləri artırıb. Bir yandan rus turistlərin gəlişi də qiymətlərə təsir edib. Əslində, bizimkilər heç nəyi bahalaşdırmayıb. Sadəcə, dolların qalxması və manatın ucuzlaşmasına görə bu cür vəziyyət yaranıb”.

 

Tbilisi reportajj Odur ki, Gürcüstana gələnlərə təkrar tövsiyyə etmək olar ki, sərhədi keçməmiş pulu dollarla çevirsinlər. Doğrudur, onsuz da hər zaman dollarla xarici səfər etmək məsləhətdir. Amma devalvasiya solaxay dərsdir ki, manatla Tbilisiyə getməyəsən.

 

Məsələn, şəhərin mərkəzi restoranlarında birində 5 nəfərin yeyib-içməsi 80 lariyə başa gəlir. İlk baxışda böyük rəqəm deyil, amma manatın köhnə məzənnəsi ilə…

 

Yəni, 40 manata Bakıda 5 adam heç yerdə yaxşı yeyib-içə bilməz. Üstəlik, xoş mühit, canlı musiqi və s.

 

Amma Tbilisidə 80 lari təxminən 65-70 manat edir. Bu ölkə üçün artıq bahalıq sayılır. Dato danışır ki, ruslardan əlavə son vaxtlar qazax turistlərə də rast gəlmək olar. İranlı, avropalı, amerikalı turistlər da öz növbəsində…

 

Ümumiyyətlə, hökumət turizm siyasətində ciddi addımlar atmağı planlaşdırır. Bununla belə, xidmət səviyyəsi hələ qaneedici deyil. İndi gürcülər üçün iqtisadiyyatda turizmdən başqa prioritet sahə şərabçılığın Avropa bazarlarına ixracıdır.

 

Hələ ki Qərb bazarlarında özünə arzuladığı yeri tutmayan gürcü şərablarının təkmilləşdirilməsinə ehtiyac var. Avropa Gürcüstandan ixrac etdiyi şərabların Qərb standarlarına cavab verməsini tələb edir. Gürcülər isə texnologiya və digər səbəblərdən Qərb standartlarına uyğun şərab hazırlaya bilməyib.

 

Beləliklə, “rus açılımı” edən ölkə iqtisadi taleyinin mühüm bir hissəsini turizmə bağlayıb. Bu gedişlə turistlər ölkəsinə çevriləcək Gürcüstana manatın ucuzlaşması ucbatından getmək də çətinləşəcək. Çünki onların taleyi turizm, bizimki isə neftin qiymətinin artmasından asılıdır…

 

Tbilisi reportaj 4

 

Emil Salamoğlu

 

Tbilisi-Bakı

 

Xüsusi olaraq Gununsesi.info üçün