Tbilisi: zülmət gecələrin işıqlı küçəsindən - REPORTAJ (FOTOLAR)

  • By admin
  • 13 İyun 2016 12:15

 i love Tblisi

 

…Qaranlıq, zülmət içində olan ara küçələrdən yalnız biri gecələr işıqlanır. Bərq vuran işıqlar, yaxınlaşmaqda olan səs-küydən anlamaq olur ki, şəhər gecələr yalnız bu küçədə oyaqdır.

Əslində, Tbilisinin gecələri əsrarəngizdir.

 

Ancaq nə Qərb, nə Şərq gecələrinə oxşayır. Bəlkə də Qafqaz gecələri adlandırmaq olar. Şəhərin mərkəzindəki müxtəlif ərazilərdə restoranlar, barlar işləsə də, sözügedən küçə qədər qaynar deyillər.

 

“Qırmızı fanarlar” küçəsi kimi adı çıxaran bu ərazidə diskotekalar, barlar, masaj salonları xidmət göstərir. Şəhərin cavanları axşam saat 10-dan bu küçədə peyda olurlar. Gecə yarısına qədər davam edən əyləncə zamanı nə bir mübahisə yaşanır, nə qarşıdurma. Kimsə çiynin toxunduğuna görə ilişmir, ya da “niyə çəp baxırsan?, – deyə “razborka” düşmür.

 

tbilisi street musicArtıq gürcülərin qafqazlı “razborşik” beyninin əhilləşdiyini söyləmək olar. Xüsusilə, turistlərə qarşı nəzakət var. Hər hansı anlaşmazlıq yaşanırsa, sonra üzrxahlıq etmək qədər özlərində nəciblik tapırlar, gürcü oğlanları…

 

Tbilisidəki əyləncə mühiti Bakıda yoxdur. Varsa da, bizə görə deyil. Yəni Bakıdakı gecə klubları, oradakı qiymətlər yanından keçməyə belə imkan vermir. Üstəlik, Bakının gecə həyatı təhlükəlidir: ya kütləvi davaya düşürsən, ya bıçaqlanma ya da hesab, qız üstündə qırğın. Kəsəsi, əyləncə kriminallaşır.

 

Gürcülər bu konteksdə həssasdır. Tbilisililər turistləri küsdürməməyə çalışır. İstənilən xoşagəlməz insident şəhər haqda təsəvvürləri alt-üst edir. Bu baxımdan Tbilisinin gecə klublarında əyləncə də, qiymətlər də təhlükəsizdir.

 

Doğrudur, artıq bahalaşma gecə həyatına da təsir edib ki, bunu da iqtisadi vəziyyətlə bağlı əvvəlki reportajda qeyd eləmişik. Amma yenə də əylənmək məqsədi varsa, pulu düşünmək sonrakı plandır.

 

***

 

tbilisi panoramGecələr Tbilisi restoranlarında sərxoş gürcülərin patriotluq damarının tutmasını da demək lazımdır. Elə ki meydanda qeyri-gürcü xalqlarının mahnısı ifa olundu, rəqs başlandısa, qısqanclıq nümayiş etdirirlər. Bu zaman bir neçə dəfə “slava Qruziya” hayqıraraq ətrafdakıların diqqətini cəlb etməyə çalışırlar.

 

Təbii ki, kənardan ikrah hissi doğurur. Amma yenə də bu eqoizmi və kompleksi onların sərxoş olmasının ayağına yazmaq olar. Çünki bizimkilər də onlardan dala qalmırlar. Belədə mürgülü qafqazlı təfəkkürü sərxoş halda canlanmağa başlayır.
Bir də unutmaq olmaz ki, artıq şəhər tbilisililərin deyil, indi turizm oylağına çevrilib. Hamı ora axışır. Bunu da gürcülər həzm etməlidirlər. Necə ki bakılılar paytaxtın təkcə şəhərlilərin olmadığını, meqapolisə çevrildiyini tədricən qəbul etməkdədirlər.

 

“Kənardan yaxşı görünə bilər. Başqa ölkələrdən gələn vətəndaşlar ucuzluğu görəndə kef içində yaşadığımızı düşünürlər. Ancaq onlar anlamırlar ki, gəldikləri ölkədə həyat səviyyəsi daha yüksəkdir, aldıqları pulun kiçik bir hissəsiylə burada bir həftə çox yaxşı yaşaya bilərlər.

Bu insanları valeh edir və Tbilisiyə axın olur. Ancaq sadə camaatın güzəranı o qədər yaxşı deyil. Bizim üçün Gürcüstan ucuz sayılmır. Çünki qazancımız xərclərə münasib deyil”, – deyə sürcü Giya turistlər haqda söhbətə belə nöqtə qoyur.

 

Giya haqlıdır. Paytaxta axın çox olsa da, turistlərin ilin hər fəslində bu ölkəyə qədəm qoysa da, şəhərin ümumi görünüşündə dəyişən heç nə yoxdur. Söhbət bizdəki kimi tarixi abidələrin nədən sökülmədiyindən getmir. Məsələn, mərkəzi yerlərdə çirkin, ürəkbulandırıcı yerlərin, yeraltı keçidlərin, xarabalıqların azca da olsa, gün işığına çıxmamasıdır. Gürcüstan hökuməti belə yerləri görməzdən gəlir.

 

Tbilisidə xidmət səviyyəsinin aşağı olması illər öncə necə idisə, indi də o cürdür. Turist axını belə bunu yaxşılaşdıra bilmir. Kafe və restoranlarda sifariş verilən yeməklərin gec gətirilməsi bir yana, hətta ofisiantın müştəriyə yaxınlaşması üçün xeyli vaxt lazımdır.

 

***

 

Tez-tez bu şəhərə ayaq basanlar üçün artıq bu adi hala çevrilib. Ancaq birinci dəfə gələn insanı bu cür təəccübləndirmək olmaz. Ancaq nə xeyri?! Hələ də xidmət səviyyəsi əvvəlki kimi qalır.

Tbilisidə xarici şirkətlərin geyim dükanların sayı getikcə artır.

 

Bir neçə il öncə Bakı belə bir buma şahidlik etmişdi. İndi devalvasiyadan sonra Azərbaycanın paytaxtında bu cür dükanların sayı azalsa da, qonşu ölkədən durmadan artır. Səbəb yenə turistlərdir. Turistlər, turistlər, ah bu turistlər olmasaydı, Tbilisi necə olardı…

 

emil salamoghlu -journalist

 

Emil Salamoğlu

 

Bakı-Tbilisi

 

Xüsusi olaraq Gununsesi.info üçün