Telekanallar İlham Rəhimova niyə qadağa qoyub?

Telekanallar İlham Rəhimova niyə qadağa qoyub?

Ötən gün Bakıda möhtəşəm bir tədbir keçirildi. “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” adlı konfransın təşkilatçısı olan 
Qara dəniz və Xəzər dənizi Regionu ölkələri Hüquqşunasları Assosiasiyası Bakıya 9 ölkənin (Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna , Belarus) aparıcı hüquqşünaslarını toplamışdı. Konfransın digər təşkilatçısı isə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları Institutu idi.

Toplantıda qısa fasilə ilə 6 saat Azərbaycan da daxil olmaqla 10 ölkədə hüquq sisteminin qurucuları – professorlar, konstitusiya komissiyalarının üzvləri, ali dərəcəli beynəlxalq hüquq ekspertləri dünyanın bir nömrəli problemi olan terrorizmlə mübarizənin daha effekiv yollanın tapılması ətrafında qızgın müzakirələr apardılar. Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri, çağdaş Azərbaycan hüquq sisteminin yaradıcılarından biri Şahin Əliyevin müzakirələrdə, polemikalarda aktiv iştirakı rəsmi Bakının tədbirlə bağlı hər hansı tərəddüdünün olmadığının ən açıq göstəricisi idi.

Toplantıya moderatorluğu başdan sona qədər Qara dəniz və Xəzər dənizi Regionu ölkələri Hüquqşunasları Assosiasiyasının prezidenti hüquq professoru İlham Rəhimov etdi. Yetərincə ciddi zəhmət idi. Öz ölkəsinin hüquq sisteminə uyğun düşünən və əks fikirlər üçün ciddi arqumetlər tələb edən, hər səslənən fikri doğuran səbəblə bağlı dəqiq bilgi istəyən gerçək elm adamlarının görüşlərini uzlaşdırmaq, onların çıxışını konstruktiv məcraya yönəltmək gerçəkdən də böyük əmək tələb edən iş idi. Toplantının sonunda professor Rəhimovun simasındakı məmnun ifadə də gözümüzdən qaçmadı. Konfrans iştirakçıları öz tərcübələrini həvəslə bölüşmüş, təkliflərini arqumetləşdirmiş, konkret təşəbbüslər irəli sürmüşdülər. Artıq gələn toplantının tezislərini hazır saymaq olardı.

İlk baxışda hər işin fövqəladə düzəndə getdiyini zənn etmək olardı. Ölkənin siyasi və elmi elitasının qatıldığı, dəstəklədiyi toplantı heç bir qüsur olmadan davam edir, media, xüsusən telekanallar konfransdan reportajlar hazırlayır, sadəcə konfransın keçirildiyi salon deyil, foye de informasiya, polemika ilə dolub daşırdı. Toplantını lentə alan AzTV, CBC və “Lider” kanallarının axşam efiri isə sübut etdi ki, hər şey üzdə göründüyü kimi düzəndə deyil. Kimlərsə Azərbaycana nüfuz qazandıran elmi konfransın telekanallarda geniş təbliğinin qarşısı almaq planlarını işə salıb və nəticə əldə edib.

i1.jpg (104 KB)

Məsələ burasındadır ki, telekanallar konfransın gedişində təkşilatçı qismində professor İlham Rəhimovdan müsahibə almışdılar. Olay “Yeni Müsavat”ın da kamerasından yayınmamışdı. Konfransdan onlayn qaydada reportajlar yayarkən, həmin şəkli də Musavat.com saytına yerləşdirmişdik. Hər kəs axşam efirinin xəbər buraxılışlarında Azərbaycan üçün çox aktual bir məsələ ətrafında dünyanın ünlü ekspertlərinin çıxışlarından sitatları, təşkilatçı professor İlham Rəhimovun açıqlamalarını gözləsə də məsələnin üzərindən sükutla keçirldi. Əcəba nədən? Ümid edirik ki, AzTV-nin, CBC-nin “Lider”in rəhbərləri çapı həmin gün efirə çıxanların toplam çapından üstün olan bir şəxsdən müsahibə alıb efirə verməməyin səbəbləri haqqında danışacaqlar. Onların nə deyəcəklərini dəqiq bilməsək də arqumentlərinin zəif olacağına əminik.

Çünki…

Azərbaycan üçün terrorizm gerçəkdən də ciddi sorundur. 30 ildir ölkə Ermənistan tərəfdən dövlət terroru ilə üz-üzədir. 30 il öncə başlanan terror dalğası savaşa çevrilib və ərazi itkisinə, yüz minlərlə insanın yurdundan didərgin düşməsinə, minlərlə insanımızın şəhid, qazi olmasına olub. Dinc insanlarımız sərhəd bölgəsində bu gün də həmin dövlət terrorunun aramsız təhdidləri altında yaşayır, ordumuz itki verir. Üstəlik çevrəmizdəki ölkələrdən milli, dini zəmində tətiklənən terrorizm ölkə gündəmindən düşmür. Belə bir durumda Azərbaycanın dünyanın aparıcı hüquqçularını paytaxta toplaması terroru dəstəkləyən mərkəzlərə çox ciddi bir mesaj idi, biz ayaqdayıq, sabitliyimizi pozmaq asan deyil və dövlət aparatı, hüquq sistemi, vətəndaş cəmiyyəti, media hər hansı hərəkətinizə qarşı bir yumruq kimi birləşib başınıza enməyə hazırdır demək idi. Bu mesajın geniş auditoriyaya, o sıradan terror mərkəzlərinə çatdırılmasının qarşısını alanlar nəyə xidmət etdiklərinin fərqindədirlərmi?

Bəziləri professor İlham Rəhimova qeyri-rəsmi efir qadağasını onun Rusiyaya, xüsusən prezident Putinə yaxınlığı ilə bağlamaq istəyirlər. Çox əsassız yanaşmadır. Professor Rəhimovun Azərbaycana, milli maraqlara nə qədər bağlı olduğunu onu yaxından tanıyanlar bilir. Onun təkcə Ankara-Moskva yaxınlaşması üçün etdikləri sayəsində bu iki ölkə arasında illər sonra buzların əriməsi, siyasət və iş dünyasında təmasların artması Azərbaycan diplomatiyası üçün böyük avantajdır. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti ilə Kremlin yaxınlaşmasının Ermənistanda hansı qıcıq doğurduğunu izləyənlər prosesin Azərbaycanın xeyrinə olduğunu çox gözəl bilir.

Professor İlham Rəhimov karyerasının davamlı yüksəlişini yaşayan elm adamıdır. Hüquq sistemi, xüsusən cinayət və cəza fəlsəfəsi haqqında əsərləri dünyanın aparıcı dillərinə çevrilir, Avropanın aparıcı universitetlərinin kitabxanalarında dərc edirlir. Üstəlik o, Azərbaycan hüquqçularının dünyaya çıxmasını asanlaşdırır – onların elmi mərkəzlərlə tanışlığı, beynəlxalq toplantılarda təmsil olunması, elmi əsərlərinin ölkədə və xaricdə çapı üçün şərait yaradır. Bundan başqa, Rusiyanın iş dünyasının sütunlarından biri kimi hər zaman təkcə Rusiya ilə Azərbaycan arasında deyil, regionda Azərbaycanın, azərbaycanlıların söz sahibi olmasına çalışır.

Onun sadaladığımız əməlləri Azərbaycan hakimiyyətinin siyasətinin təməlini oluşduran məqamlar deyilmi? 9 ölkənin elm, siyasət, dövlət adamlarını Bakıya gətirmək, onları Azərbaycanla, paytaxtla tanış etmək ölkənin təbliğatına xidmət etmirmi? Miqyası sərhədlər aşan insanın ölkəsini, cəmiyyətini, elm adamlarını tanıtmaq üçün dövlət səviyyəli tədbirlərə bərabər uluslararası toplantı keçirməsi sağlam düşünən hərkəsi yalnız qürurlandıra bilər. Sağlam olun…

Aygün Muradxanlı,

Musavat.com

COMMENTS