“Tibb Universitetini bitirənlər onkoloq olmaq istəmir” - AZAD KƏRİMLİ

  • By admin
  • 19 Sentyabr 2019 19:27

Son vaxtlar onkoloji xəstələrin sayında artım müşahidə edilir.

Gununsesi.org xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.

Onun sözlərinə görə, xəstəliyi vaxtında aşkarlamaqla onun öhdəsindən gəlmək mümkündür:

“Xəstəliyi vaxtında aşkarlamaq lazımdır. Əfsuslar olsun ki, insanlarımızı bu xəstəliklə bağlı bir çox məsələlərdə qorxudurlar. Əhalini onkoloji sahə ilə bağlı maarifləndirmək lazımdır. Televiziyalar və mətbaut bizə bu işdə kömək etməlidir”.

Onkologiya sahəsindəki problemlərindən danışan A.Kərimli vəsait çatışmazlığından şikayətlənib:

“Bu sahədə yaranan problemləri aradan qaldırmaq üçün vəsait artırılmalıdır. Gün ərzində Milli Onkologiya Mərkəzinə 1200-dən çox müraciət olur. Axı bunların öhdəsindən gəlmək lazımdır. Bəzən bizim mərkəzi bəyənmirlər. Bəs o zaman bu qədər xəstələrə kim kömək edəcək?

Ümumiyyətlə, səhiyyədə onkologiya çox aktual problemdir. Çox vaxt Tibb Universitetini bitirənlər onkoloq olmaq istəmir. Niyə? Çünki ağır sahədir. Hazırda bu sahədə işləyən onkoloqları alqışlayıram.

Bizə yardım lazımdır. Çünki bu sahəyə ayrılan vəsait çatmır. Dərmanlar, avadanlıqlar və onların təmiri bahalıdır. Avadanlıqların hamısı ABŞ və Yaponiya istehsalıdır. Onları qoruyub-saxlamaq lazımdır. İllik texniki baxışları üçün xeyli vəsait tələb olunur”.

Baş onkoloq əlavə edib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də qadınlarda süd vəzinin və uşaqlıq boynunun xərçəngi, kişilərdə isə ağciyər və prostat vəzi ilə bağlı müraciətlər daha çoxdur:

“Uşaqlarda isə bədxassəli embrional şişlərə daha çox təsadüf olunur. Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər böyüklərdən fərqli olaraq, müalicəyə tabe olur. Belə ki, tam effektli şəkildə xəstəliyin müalicəsinə nail olmaq mümkündür”.

 

 

Gununsesi.org