Trampın hədəsi Türkiyə iqtisadiyyatına təsirsiz ötüşmədi: Lirə ucuzlaşdı

Trampın hədəsi Türkiyə iqtisadiyyatına təsirsiz ötüşmədi: Lirə ucuzlaşdı

Gununsesi.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Türkiyəni  hədələyib. Tramp tutulan İŞİD-çilərə baxmayacağı təqdirdə bu ölkənin iqtisadiyyatını məhv edəcəyinə söz verib. ABŞ Prezidenti bunu  öz “Twitter” səhifəsində yazıb.

Tramp, özünü misilsiz bir şəxs adlandırıb, ölkələrin iqtisadiyyatını məhv etdiyini bildirib. O, qeyd edib ki, rəsmi Ankara ona icazə verilən “sərhədləri keçərsə” bunu yenidən edəcək. Amerika liderinin fikrincə, Avropa ölkələri və Türkiyə əsir düşmüş yaraqlılara və onların yaxınlarına baxmalıdır.

Məlum olduğu kimi, ABŞ sanksiyaları İrabn və Rusiya kimi ölkələrin iqtisadiyyatını təhdid altında saxlamaqla ciddi şəkildə zəiflədib. Rusiya iqtisadiyyatının demək olar ki, təməlini sarsıdan bu sanksiyalar ən çox da Trampın təşəbbüsü  ilə verilib. Bəs, Türkiyə verilən bəyanatla razılaşmayaraq Trampın qəzəbini öz üzərinə çəkərsə, qardaş ölkəyə sanksiya tətbiq edilərsə, iqtisadiyyatı bundan zərər çəkə bilərmi? Türkiyə iqtisadiyyatının zəif nöqtəsi nələrdir?

Musavat.com-un sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Türkiyə iqtisadiyyatının müəyyən  zəif nöqtələri var: Türkiyə iqtisadiyyatının daxilindən qaynaqlanan bir neçə problem var. Birinci problem “cari açıq” məsələsidir. Yəni Türkiyə ixrac etdiyindən daha çox idxal edir. Yəni xaricdən daha çox məhsul alır. Bu ölkənin bir çox istehsal sahələri xaricdən alınan detallardan asılı vəziyyətdədir. Türkiyədə 11 avtomobil zavodu var, əsasən də Bursa bölgəsində yerləşir. Avtomobil sənayesi Türkiyənin ümumi ixracatında çox böyük yer tutur. Türkiyədən təqribən ildə bir neçə milyard dollarlıq avtomobil ixracatı və avtomobil ehtiyat hissələrinin ixracı həyata keçirilir. Onların əksəriyyəti xaricdən gətirilir və bu da cari hesab kəsirinə çox böyük təsir göstərir, xaricdən asılılıq yaradır”.

İqtisadçının sözlərinə görə, ikinci əsas problem Türkiyə iqtisadiyyatının xarici borcunun çox yüksək həddə olmasıdır: “Müxtəlif rəqəmlər səsləndirilir, ancaq əsas hesablamara görə, Türkiyə banklarının və özəl sektorun 550-560 milyard dollara yaxın xarici borcu var. Bu borcun da əsas mənbəyi Amerika və Avropa Banklarıdır. Bu da Türkiyə iqtisadiyyatında müəyyən zəiflik yarada bilər. Türkiyə  ixracatının 50 faizə yaxını məhz Avropa Birliyi ölkələrinə göndərilir. Bu da həm Amerikadan, həm də Avropa Birliyindən asılılığın çox ciddi olmasının göstəricisidir”.

N.Cəfərli vurğuladı ki, hər hansı sanksiyalar, hətta sözlə müdaxilələr belə Türkiyə iqtisadiyyatında dalğalanmalara səbəb ola bilər: “Trampın ötən gün “Twitter” səhifəsindəkı bəyanatından sonra türk lirəsi 2,5 faiz ucuzlaşdı. Bu da onu göstərir ki, Türkiyənin makroiqtisadi vəziyyəti xaricdən gələn hər hansı sözlü müdaxilələrə, bəyanatlara belə çox həssasdır”.

 

 

Gununsesi.org

COMMENTS