Türkiyə Ədliyyə Nazirliyinin xarici əlaqələr və Avropa İttifaqı üzrə idarəsi Azərbaycan tərəfinin tələbini Ankara Cümhuriyyət prokurorluğuna göndərib. Bu tələb əsasında prokurorluq Akın Öztürkü ötən gün yanvarın 12-də saxlanıldığı Sincan F tipli həbsxanasından jandarmanın müşaiyəti ilə Ankara Ədliyyəsinə aparıb.
Orada prokuror Mustafa Saylam Azərbaycanın ədliyyə məqamlarının göndərdiyi sualları Öztürkə yönəldib. Suallar əsasən Öztürkün Azərbaycandakı əlaqələri barədə olub. 45 dəqiqəyə yaxın dindirmədən sonra Öztürk yenidən Sincan həbsxanasına aparılıb.
Bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları FETÖ təhqiqatı ilə bağlı bu təriqətin gizli strukturları, maliyyə və təhsil sahəsindəki fəaliyyətləri, gizli xəbərləşmə metodları barədə də məlumatları Türkiyə tərəfindən istəyib.
Bu sorğu əsasənda Türkiyənin Ədliyyə Nazirliyi Ankara Cümhuriyyət prokurorluğuna yazılı məktub göndərərək tapşırıb ki, FETÖ-nün Türkiyədəki fəaliyyətləri və strukturu barədə əhatəli dosye hazırlansın, Ədliyyə Nazirliyi vasitəsilə Azərbaycan tərəfinə göndərilsin.
Xatırladaq ki, Ankara Cümhuriyyət prokurorluğunun hazırladığı ittiham aktına əsasən general Akın Öztürk hərbi çevriliş cəhdi ərəfəsində bəzi xarici ölkələrlə telefon danışıqları aparıb, o cümlədən Azərbaycanda istifadə olunan 99451660…. mobil nömrəsi ilə 2 dəfə əlaqə saxlayıb. (Virtualaz.org)