Türkiyə sərhədini keçməklə bağlı yeni qaydalar Gürcüstan vətəndaşları üçün müvəqqəti dayandırılıb

  • By admin
  • 16 Yanvar 2018 20:21


Türkiyə sərhədini keçməklə bağlı yeni qaydalar Gürcüstan vətəndaşları üçün müvəqqəti dayandırılıb

Türkiyə sərhədini keçməklə bağlı cari ilin yanvarın 1-dən tətbiq olunmağa başlanan qaydalar Gürcüstan vətəndaşlarına qarşı müvəqqəti olaraq dayandırılıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya bu məsələ ilə bağlı türkiyəli həmkarı Süleyman Soylu ilə telefon danışığı aparıb.

Tərəflər qüvvəyə minmiş qaydalarla bağlı məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər. Məsləhətləşmələr başa çatana qədər yeni qaydalar Gürcüstan vətəndaşlarına qarşı tətbiq olunmayacaq.

Qeyd edək ki, bu gün səhər yeni qaydalara etiraz edən bir qrup Gürcüstan vətəndaşı Türkiyə ilə sərhəddə yerləşən “Sarpi” gömrük-keçid məntəqəsinin yaxınlığında etiraz aksiyası keçirib. Yanvarın 1-dən qüvvəyə minmiş yeni qaydalara əsasən, Türkiyə sərhədini keçmək və ölkə ərazisində qısa müddətdə qalmaq bir təqvim günü hesab olunacaq. Yeni qaydalar bütün xarici ölkə vətəndaşlarına şamil olunur.

Gununsesi.info