Türkiyədə Nəsimiyə həsr edilən beynəlxalq elmi simpozium keçirildi - FOTOLAR

  • By admin
  • 15 Sentyabr 2019 21:47
Türkiyənin Nevşehir şəhərində Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşəbbüsü, Nevşehir Hacı Bektaş Vəli Universiteti və Azərbaycan Universiteti ilə birgə təşkil etdiyi Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi simpozium keçirilib.
Gununsesi.org xəbər verir ki, Təhsil Cəmiyyətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan edilməsi çərçivəsində hazırlanan simpozium “I Təsəvvüf Araşıdrmaları Beynəlxalq Simpoziumu” mövzusunda təşkil edilib. Sentyabrın 9-da Nevşehir Hacı Bektaş vəli Universitetində Azərbaycan nümayəndələrinin və Türkiyənin müxtəlif universitetlərindən, İran İslam Respublikasından dəvət edilən qonaqların iştirakı ilə simpoziumun aşılış mərasimi Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə baş tutub.
Qonaqları salamlayan Nevşehir Hacı Bektaş Vəli Araşdırma və Uyqulama İnstitunun direktor müavini, simpoziumun Təşkilat Komitəsinin üzvü İlqar Baharlu simpoziumun iki gün davam edəcəyini və Nəsimi yaradıcılığının Şərq ədəbiyyatındakı yerini dəyərləndirməyə xidmət edəcəyini bildirib.
Açılış tədbirində çıxış edən Təhsil Cəmiyyətinin nümayəndəsi Taleh Şahməmmədli simpoziumun təşkil edilməsinin əhəmiyyətindən bəhs edərək bilidirib ki, tədbirin Nəsimiyə həsr edilməsi təsadüfi deyil. Bildirib ki, Nəsimi təsəvvüf ədəbiyyatının nəhəng simalarından biri olmaqla yanaşı, ümumtürk düşüncə tərzinin də əsas isimlərindən biridir. Nəsimiyə həsr edilən simpoziumun Hacı Bektaş Vəli yurdunda keçirilməsinin yüksək məna daşıdığı vurğulayıb.
Azərbaycan Universitetinin təmsilçisi, proffessor Fərahim Sadıqov Nəsimi ilə bağlı təsəvvüf araşdırmaları simpoziumunun təşkil edilməsini mühüm hadisə adlandırıb.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elçin Allahverdiyev belə tədbirlərin iki qardaş ölkə arasındakı elmi-mədəni münasibətlərin daha da inkişafına xidmət etdiyini vurğulayıb.
Hacı Bektaş Vəli Universitetinin rektoru, professor Mazhar Bağlı qonaqları salamlayaraq vurğulayıb ki, Nəsimi ilə bağlı simpoziumun Hacı Bektaş Vəli yurdunda keçirilməsinin mənəvi dəyəri vardır. Rektor vuğulayıb ki, ümumtürk fəlsəfi görüşlərini özündə birləşdirən Nəsiminin öyrənilməsi hər dövr üçün aktualdır.
Sonra tədbir panel müzakirələri ilə davam etdirilib.
Qeyd edək ki, simpozium öz işini sentyabrın 10-u və 11-də davam etdirib. Tədbirin sonunda iştirakçılara hədiyyələr və sertifikat verilib. Səfərin son günü Azərbaycandan gedən nümayəndə heyəti üçün Hacı Bektaş Vəli Universiteti tərəfindən Kapadokyanın tarixi abidələrinə gəzinti turu təşkil edilib.
Gununsesi.org