Ukrayna milli qəhrəmanı rus zabitləri ilə dəyişdirildi

  • By admin
  • 25 May 2016 15:07

 Nadejda

Rusiyada həbsdə olan Ukraynanın xalq deputatı Nadejda Savçenko ölkəsinə qayıdır. “Report” UNN agentliyinə istinadən xəbər verir ki, Nadejda Savçenkonu aparmaq üçün Rusiyanın Rostov şəhərinə uçan Ukrayna prezidentinin təyyarəsi havaya qalxıb.

Məlumata görə, onu Ukrayna prezidentinin mətbuat katibi Vladislav Tseqolko və parlament sədrinin müavini İrina Geraşenko müşayiət edir.

Xəbərə əsasən, N.Savçenkonu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevin hava limanında qarşılayacağı gözlənilir.

Rusiyanın N.Savçenkonu hansı formada azadlığa buraxmasının detalları məlum olub. Məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində həbsdə olan Rusiyanın xüsusi təyinatlıları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun əfv edilməsi haqda fərman imzalayıb. Rusiya xüsusi təyinatlıları N.Savçenkonu ilə dəyişdirilib.

Qeyd edək ki, Rusiya məhkəməsi bu il martın 22-də Nadejda Savçenkoya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 22 il həbs cəzası vermişdi. O, Ukraynanın Donbas bölgəsində rusiyalı iki jurnalistin ölümündə iştirak etməkdə ittiham olunurdu.

 

Gununsesi.info