Ukraynada səfərbərlik başladı

Ukraynada səfərbərlik başladı

Noyabrın 25-dən etibarən gəmi qalmaqalı ilə başlayan Rusiya-Ukrayna gərginliyi davam edir. Şimal qonşumuzun Ukrayna gəmiçiləri və hərbiçilərini həbs etməsi hər keçən gün qarşıdurmanı gücləndirir, tərəflər arasında müharibə təhlükəsini artırır. Ukraynanın hərbi vəziyyət elan olunmuş 10 vilayətində səfərbərlik başlayıb. 

NATO rəhbəri Rusiyadan Azov dənizində baş vermiş hərbi qarşıdurma zamanı həbs edilmiş Ukrayna gəmilərinin və dənizçilərinin azad olunmasını tələb edib.

Stoltenberg bu barədə NATO xarici işlər nazirlərinin görüşünə iki gün qalmış danışıb: “Rusiya bu yaxınlarda Kerç boğazında Ukrayna gəmilərini və dənizçilərini həbs edib. Belə hallarda güc tətbiq edilməsinə haqq qazandırıla bilməz. Biz sakitliyə və təmkinə çağırırıq. Rusiya Ukrayna gəmilərini və dənizçilərini azad etməlidir”.

O əlavə edib ki, Rusiya “Azov dənizində naviqasiya azadlığına və Ukrayna portlarına girişə əngəl törətməməlidir”.

10 gündür davam edən gərginlikdə tərəflərdən hansının üstünlük əldə etdiyi barədə fərqli mövqelər səslənməkdədir. Çoxları düşünür ki, bu proseslərdə rəsmi Kiyev Qərbdən umduğu dəstəyi ala bilmədi. Qərb dünyasının Rusiyaya qarşı etiraz xarakterli bəyanatlar verməklə, mövqe sərgiləməklə işini bitmiş hesab etdiyi qeyd olunur. Eyni zamanda Rusiya tərəf həbs etdiyi ukraynalıları azad etməyincə gərginliyin nəinki azalacağı, əksinə, günü-gündən artacağı vurğulanır.

COMMENTS