Ürəyimizdə Kəlbəcərdə qoyub gəldiyimiz çinar qədər özünə yuva salmışdın - BƏHRUZ BAYRAMOV VAXTSIZ VƏFAT EDƏN MÜHƏNDİSDƏN YAZDI

  • By admin
  • 31 May 2019 01:03

Əslən Kəlbəcərdən olan Azərbaycanın tanınmş mühəndisi Vidadi Mürsəlovun dünyasını dəyişməsi onu tanıyan insanları dərin kədərə qərq edib.

Tanınmış vəkil Bəhruz Bayramov da özünün sosial şəbəkədəki hesabında həm də ziyalı kimi sevilən  Vidadi Mürsəlov haqqında qeydlərini yazıb.

Həmin qeydləri təqdim edirik:

Bu dəqiqələr, bu anlar illərdi həsrətini çəkdiyim kimsəsiz Kəlbəcərimi daha çox görmək istəyirəm.

Yurdumun dağlarına, meşələrinə, çeşməli bulaqlarına sözüm var. Həyətimizdəki görən o çinar ağacı dururmu?! Dərdlərimi ona danışar, göz yaşlarımı çinarın yarpaqları ilə silərdim. Bilirəm ki, görüşsək tanıyacaq məni vəfalı cinarım. Dünən yuxuda evimizi gördüm. Mənə belə gəldi ki, hər şey yerindədi bircə sevgili çinardan başqa. Oyandım, nədənsə özümə gələ bilmirdim. Çox narahat idim. Qəfil xəbər məni sarsıtdı. Qəlbimizdə, ürəyimizdə çinar ucalığı qədər özünə möhtəşəm yuva salan əziz Vidadi müəllimin ömrünü Allah kəsib!!! Damarlarımda sanki qanım dondu, qeyri-ixtiyarı gözlərim bizim dağların bulaqlarna dönüb sel kimi axmağa başladı. Axı ən əziz adamımızı, qohum-əqrabadan, ehtiyacı olanlardan heç nəyini əsigəməyən Vidadi müəllimin itkisi hələ çox kövrəldəcək bizi. O, insana dəyər verə bilirdi. Kimsəni naümid yola salmazdı. Görəsən, Allah yaxşıları niyə belə tez aparır?! Əbədi yerin cənnətlik olsun, əzizimiz Vidadi müəllim. Yadımızdan heç çıxmayacaqsan!

Əgər atamı və anamı haqqın dərgahında görə bilsən, bizdən onlara salam söylə. Deyərsən ki, Kəlbəcərin yolları hələ açılmayıb!!!
Bütün qohum-əqraba sənə görə qəmin-kədərin içindədir.

Sevincimizi niyə əlimizdən belə tezliklə aldın!!!

Axı hamımız səni çox istəyirdik. Əlvida Vidadi müəllim, əlvida!!!