Üzeyir bəy və biz…- JALƏ MÜTƏLLİMOVA YAZIR

Üzeyir bəy və biz…

Üzeyir bəyin doğum gününü qeyd elədi ölkə.

Azərbaycanın təkcə mədəniyyətinə, incəsənətinə yox, həm də ictimai həyatına fleytonları ilə təsir eləmək gücündə olan kişinin anadan olduğu gündə onu hörmətlə andıq.

Deyirəm görəsən o mötəbər, bu günümüzü görsəydi, nə deyərdi, nə yazardı vəziyyətdən dolayı?..

Hamı bir birinə söyür, bu onu, o bunu…

O sayt açır, bu sayt açır… Sonra da o bunun saytını bağlatdırır, bu onun…

O bunun jurnalistini “verbovat” eləyir, bu onun…

O bunun pul qabı ilə maraqlanır, bu onun…

O bundan şefinə qeybət, skrinşot daşıyır, bu ondan…

O buna satqın deyir, bu ona…

O ev yıxır, bu ev yıxır. Arada bir-iki ev tikənin də işinə pəl vurub tikdiyini uçurdurlar. O bunun, bu onun acığına obyet yandırır. Əslində qanmır, bəlkə də lap yaxşı qanır amma qanmazlıq eləyir guya bilmir ki, əslində yanan millətin dədəsidir, kiminsə bina-obyekti yox…

O buna quyu qazır, bu ona…

Bəzən qazılan quyulara layiqli adamları da düşür məmləkətin, mıqqırını çıxaran olmur. Nəyinə lazım, onun ha adamı deyil, məmləkət adamıdır. Quyuya düşməsəydi məmləkətə fayda verəcəkdi, quyu sahibinə yox. O üzdən əl uzadıb quyudakını çıxarmır, üstünü torpaqlayıb, keçib ayrı quyu qazır quyu yiyəsi. Hələ sosial şəbəkə oyunlarını demirəm. Hərə nifrət elədiyi birini söymək, aşağılamaq, ələ salmaq üçün bir nataraz səhifə yaradır. Bütün şəbəkələr əllərindən bezib. Feyzbuk, Tvitter, hətta Allahın Odnoklasniki də… Bir sözlə, “vur-vurumdur”. O bunu, bu onu “vurur”…

Hərdən deyirlər, belə “vur-vurumda” olanların bəziləri gecələr, bir yerdə hansısa restoranlarda gündüz elədiyi “vur-vurumun” haqq-hesabını edir, haqqını alır. Hələ vəziyyəti müzakirə eləyə-eləyə, bala-bala vururlar da. Bunu da eşidəndən sonra, deyirsən yazıq millət. Adamlar elə bilir, bu vur-vurum onların hüquqlarının müdafiəsi üzündəndir. Bəziləri bu üzdən artıq zombi də olub, nəyə desən hazırdır, bircə onun, hamının yox haa, onun durumu düzəlsin…

Hələ bir biabırçılığımız da var. Nə qədər adam bir-birinin yataq otağını güdür. Hardan alış-veriş elədiyinin hesabatını aparır. Hətta adam tanıyıram rəqib bildiyinin bahalı mağazalarda xərclədiyi pulun ödəniş “çeklərinin” kopyasını əldə eləməyə pul xərcləyir…

Hələ eşitdiyimə görə bir-birinin obyektinin fotosunu çəkib yuxarılara yollayanlar da az deyil. Öz aralaında belələrinə “Eldarın balaları” (sabiq MTN-ini sabiq rəhbəri Eldar Mahmudov) deyənlər də var… …

Nə isə çox uzağa getməyim, Üzeyir bəyin doğum günüdür axı. Görəsən o mötəbər, nə yazardı bu günümüzdən dolayı?..

Bir də istəyirəm deyim ki, günün mübarək möhtərəm, narahat olma qoyub getdiyin yerdə, qoyub getdiyin gündəyik, nigaran qalma, vəssalam…

 

Jalə Mütəllimova Xüsusi olaraq,

Gununsesi.org üçün

COMMENTS