Vətəndaşlar hüquq-mühafizə orqanları və məhkəmələrdən narazıdır- PREZİDENT ADMİNİSTRASİYASI

Vətəndaşlar hüquq-mühafizə orqanları və məhkəmələrdən narazıdır

“Vətəndaşların şikayətinin bir səbəbi də biganəlikdir”. Gununsesi.org xəbər verir ki, bu fikirləri  Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov vətəndaşların şikayətlərini təhlil məqaləsində yazıb.

O, yazır ki, 2018-ci ildə ölkə vətəndaşları müxtəlif mövzularda və müxtəlif dövlət qurumlarından, o cümlədən, tikinti şirkətlərindən prezidentə şikayət ediblər.

Ən çox şikayətlər hüquq mühafizə orqanlarının və məhkəmələrin, icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyətindən olub.

Həmçinin vətəndaşlar müalicə və dərman təminatı, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyətindən də şikayət ediblər.

2018-ci ildə Prezident Administrasiyasına göndərilən müraciətlər arasında şəhərsalma, çoxmərtəbəli binaların və kommersiya-istehsalat obyektlərinin tikintisi, söküntüsü və kompensasiyaların verilməsi kimi məsələlər də üstünlük təşkil edib, Süleyman İsmayılov öz məqaləsində göstərib.

O bildirib ki, 2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizi ərizə, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir.

Administrasiya rəsmisi 2017-ci illə müqayisədə şikayətlərin azaldığını vurğulayır. Ötən il Prezident Adminstrasiyasına edilən müraciətlərin 33,2 faizi şikayət olub”

Əlillik təyinatı mübahisələri

Məqalədə göstərilir ki, əlillik dərəcələrinin təyin edilməsi və tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti mövzusunda müraciətlərin sayı əvvəlki illə müqayisədə 2018-ci ildə xeyli artıb.

Süleyman İsmayılov yazır ki, bu artımın səbəbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur dəyişikliyi olub.

Yaradılan işçi qrupu ötən il verilən əlillik təyinatlarını araşdırıb və araşdırma nəticəsində 1000-dən artıq təyinat ləğv edilib, həmin şəxslərə aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlərin aparılması dayandırılıb, ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası istiqamətində tədbirlərə başlanıb, – məqalədə deyilir.

söküntü tikinti şirkətləri
2018-ci ildə vətəndaşlar Prezident Administrasiyasına 100-dən çox tikinti şirkətindən şikayət ediblər.

Tikinti şirkətlərindən şikayətlər azalmır

2018-ci ildə vətəndaşlar Prezident Administrasiyasına 100-dən çox tikinti şirkətindən şikayət ediblər.

Onlar çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından şikayətçi olublar.

Vətəndaşların şikayətlərində razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanması, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsi kimi məqamlar da yer alıb.

Müraciətlərin təhlili göstərib ki, 2017-ci illə müqayisədə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir və digər şəhər və rayonlardan artıb.

Vətəndaşa əsaslı və konkret cavab verilərsə…

Süleyman İsmayılov qeyd edir ki, şikayətlər, “əsasən biganəliyin, süründürməçiliyin” nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə “laqeyd yanaşıldıqda”, onlar, “təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına” müraciət etməli olurlar.

Şöbə müdirinin sözlərinə görə, vətəndaşa ilk instansiyada cavab verilməməsi onları daha yuxarı instansiyaya üz tutmağa məcbur edir.

“Vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz”.

Süleyman İsmayılov vurğulayır ki, daha çox təkrar müraciətlər Bakının rayonlarının, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Ağsu, Astara, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Laçın, Neftçala, Salyan, Samux, Siyəzən, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Zəngilan və digər şəhər və rayonların payına düşür.

Qəbul otağında qəbul edilənlər nədən şikayətçi olublar?

Prezident Administrasiyasının qəbul otağına il ərzində 15 minədək vətəndaş müraciət edib.

Onlar daha çox sosial müdafiə, işlə təmin olunma, əmək mübahisələri, hüquq mühafizə və məhkəmə orqanlarının, şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı müraciət ediblər.

Bir çox vətəndaşın müraciətində xaricdə müalicə və dərman təminatına kömək göstərilməsi, təhsil haqqını ödəməkdən azad olunma, xaricdə alınmış diplomların tanınması və sair məsələlər də yer alıb.

COMMENTS