Vəzirlər, vəkillər və şəkillər…- LƏMAN ƏLƏŞRƏFQIZI QALİBİYYƏTİNƏ ETİRAZ EDƏNLƏRƏ CAVAB VERDİ

Vəzirlər, vəkillər və şəkillər…

Hə, özümə söz vermişdim ki, sadəcə bir ovqat  yazısı yazacam.  

Elçibəy-80” müsabiqəsinin qalibi kimi  kefim yerində əla bir yazı. Amma soğan doğramağı yazı yazmaqdan daha yaxşı bacaran bir-iki zənən tapıldı ki, onların sayəsində ovqat yazısı avtomatik öz xarakterini dəyişməli oldu. Baxmayaraq ki, ovqatım  əsla dəyişmədi, kefim yenə yerindədir və bu yazını yazanda da  birinci yerin sahibi kimi göyün yeddinci qatındayam. Çünki, HAQQımı almışam. Bu onların başa düşə biləcəyi haqq deyil, bunu onlar ala bilər bir-iki tərif-mədhiyyənin müqabilində. 

Əslində soğan doğramağı yazı yazmaqdan yaxşı bacaranlara ipucunu, yazı yazmağı soğan doğramaqdan yaxşı bacaranlar verdilər. Bunlar hörmət etdiyim və açığı özüm qədər də qaliblər kürsüsündə görməyi arzuladığım iki nəfər oldu. Aydın Canıyev və Kəramət Böyükçöl. Hərçənd birincisi bəri başdan iddiasını ortya qoymuşdu ki, o bu yazını müsabiqədə yer qazanmaq və pul üçün yazmır. Kəramət Böyükçöl isə aydın məsələdir ki, pulu düşünüb yazıb. Ona görə də Kafkadan daha çox Kafka olmaq istəyib. Alqışlayıram! Bəyin və Beyin yazısı idi, Elçibəyi  təhlil etməyə çalışmışdı, nə qədər uğurlu analiz edə bilmişdi, bunu yəqin ki, hörmətli münsiflər- o kəslər ki, Elçibəyi daha yaxından tanıyırdılar, onlar bilərdilər. Onlar da Kəraməti bu yazıya görə dördüncü yerə layiq bildilər. Bəlkə də ona görə ki,  həm də Kəraməti tanıyırdılar. Çünki Kəramət Elçibəy haqqında hörmətsiz bir ifadə işlədən, sonra yazdığı statusu silən, sonra başqa birini yazan adamdır. Normal cəmiyyətlərdə bəlkə də buna əhəmiyyət verməz, demokratiyanın təzahürü və yaxud nə bilim nəyi kimi  baxardılar.  Amma bizim demokratların ən öndə gedəni guya elə  Elçibəy-80 müsabiqəsinin münsiflər heyətində oturanlar idi ki,  Kəramətin sayğıısız davranışını ona bağışlamadılar. Və yaxud Aydın Canıyevin “canlara dəyən yazı”sına ümumiyyətlə bal vermədilər. Çünki Aydın Canıyev də demokratların özünü topa tutmuş, sonra da “meymun” dediklərinə əl uzatmışdı. Bilə-bilə ki, onlar bu əli sıxmayacaqlar, dediyim bayaqkı məsələyə görə. Nəticədən qeyri məmnunluq onları  təftişə vadar etdi. Əlbəttə, bu onların haqqıdır. Amma o qədər ucuzluğa getdilər ki, adam iyrəndi. Yazı yazdığı üçün də, müsabiqəyə qatıldığı üçün də, yer qazandığı üçün də. Və bu  ucundan tutub ucuzluğuna getmək məsələsində  təzə vəzir- vəkillər ortaya çıxdı. Konkret bir vəzir yazdı, bir neçə  vəkil züy tutdu.  Özü də o vəzir eynən orta əsrlərin saray vəziri kimi əsas funksiyasını da unutmadı. Bilirsiz də, Şərq ölkələrində  vəzirin əsas fəaliyyət dairəsinə inzibati-maliyyə işləri də daxil idi. Bu vəzir də məhz maliyyədən başladı. “Ləman  etiraflarında səmimi deyil, o vaxt da pula yazıb, indi də.”

 Könül istər desin ki, yalansa taxtın devrilsin, baxırsan ki, taxt nə gəzir, elə quruca  adı var: vəzir! Şükür ki, taxtı olmayıb, yoxsa Elçibəy mövzusunda yazmağa kimin mənəvi haqqı çatıb -çatmadığını o müəyyən edər, bəlkə də gözümüzü də çıxartdırardı.   Taxtı olmadığından və özünü yüksək demokrat saydığından  belə başa düşdüm ki,  Elçibəy mövzusu bundan belə onun kurasiyasında olacaq. Amma  vəzirə ərz edim ki, 2000-ci ildən üzü bu yana,  yəni 18 ildə Elçibəy haqqında azı 18 yazı və reportajım olub. Nə əcəb, onda kimsə mənə bəy haqqında yazmağa haqqım çatıb-çatmadığını xatırlatmayıb? Və yaxud, o reportajları hansı şəraitdə hazırladığımı nəzərə alıb da kimsə sağ ol demək fikrinə düşübmü? Çətin…           

Və nəhayət, bu işin ən çətin tərəfi məncə  münsiflərin işi oldu. Çox sanballı qələm adamları, aralarında  Əbülfəz Elçibəyin ən yaxın silahdaşları, o cümlədən  Ədalət Tahirzadə, Rüstəm Behrudi, Sabir Rüstəmxanlı və başqaları da təmsil olunduğundan güman edirəm ki, ədalətli olmaq onların başlıca missiyası idi. Ən azından, bunu Əbülfəz Elçibəyin- haqq ədalət carçısı olan bir kişinin ruhu da tələb edirdi. Şəxsən mənim münsiflər heyətindən narazı qalmağa haqqım yoxdur.  Ona görə yox ki, yazım birinci oldu, onsuz da mən birinci yeri hədəf seçib yazmışdım və sosial şəbəkələrdə paylaşılanda da hər kəs bunun şahidi olmuşdu. Bircə saatın içində yüzlərlə adam paylaşdı bu yazını və onlardan biri də “bu yazının altına məmnuniyyətlə imza atardım” deyən Aydın Canıyev idi. Mən münsiflərə təkcə məni birinci seçdikləri üçün minnətdar deyiləm, həm də müsabiqənin nəticələrini sona qədər sirr saxladıqları üçün təşəkkür edirəm . BU müsabiqə sonu çoxlarına bəlli müsabiqələrə oxşamadı. Öz uğuruma o qədər inanan mən bir o qədər də tərəddüdlə tədbirə getdim və bunu  bu yazını oxuyan iş yoldaşlarım da təsdiq edə bilər. Ona görə münsiflərə təşəkkür edir, əməyi olan hər kəsə əməyinizi halal edin deyirəm. Qaldı birinci ola bilməyən narazı dostlarıma, Elçibəyin sözüdür: HƏR ŞEYİN ZAMANA EHTİYACI VAR. O bu sözü bax  həm də bu gün üçün demişdi. Eyhamla demişdi, dahiyanə demişdi, BƏY kimi demişdi, vəzir kimi yox.

P.S. Yazımın sərlövhəsindəki “şəkillər” sözünə mətndə yer tapmadım. O da Elçibəyin ürəklərdəki şəkli olsun.

Doğum günün mübarək Bəy!

Ləman Ələşrəfqızı

Gununsesi.info

COMMENTS