Vəkillər Kollegiyasından görünməmiş qərar - AQİL LAYİCİN FƏRDİ VƏKİLLİYİ LƏĞV EDİLDİ

  • By admin
  • 18 İyul 2019 17:51

Tanınmış vəkil Aqil Layıcın fərdi vəkillik fəaliyyətinə xitam verildi. Bu barədə Gununsesi.org saytına vəkilin özü məlumat verib.

Vəkilin sözlərinə görə, Vəkillər Kollegiyasının dünən keçirilən iclasında fərdi vəkil kimi fəaliyyətimə xitam verilib.

“Vəkillər Kollegiyasının iclasına dəvət olunmuşdum. Üzrlü səbəblərə görə iştirak edə bilmədim. Bu gün eşitdim ki, iradəm və xahişim olmadan 20 saylı Vəkil Burosuna vəkil təyin edibər. Bununla bağlı qeyd etmək istəyirəm ki, Vəkillik fəaliyyətini tənzimləyən sahəvi qanunda fərdi vəkilliyin ləğv edilməsinin hüquqi əsası yoxdur. Fərdi vəkilin digər buroya təhkim olunması ancaq onun vəsatəti əsasında ola bilərdi. Lakin mənim belə bir xahişim/vəsatətim olmamışdır. Nəticə olaraq mənim statusumun dəyişdirilməsi qanuna ziddir və hüquqi əsası yoxdur”. Vəkil hesab edir ki, seçim imkanı verilmədən harasa təhkim etmək, vəkillərin müstəqilliyi instutuna ziddir: “Hər il onlarla insana pulsuz hüquqi yardım etmişəm və bu hüquqi yardım əsasən də faktiki olaraq məhkəmələrdə uğurla nəticələnib. Belə olan tərzdə fərdi vəkil statusumun alınması ən çox da hüquqi yardıma çatımlılığı və effektliyi yox edəcəkdir. İndiyənədək bir dəfə də olsun hər hansı bir vətəndaş, mənim fəaliyyətimlə bağlı Kollegiyaya şikayət etməmişdir. Ona görə də vəkilliyin adını yüksək tutduğun qənaətindəyəm və mənə qarşı olan bu qərarı dəstəkləmirəm. Təsəvvür edin ki, fərdi vəkil institutu qanunda qalmasına baxmayaraq, bu hüquqdan məni məhrum edirlər”. Qanundan çıxarış: Maddə 5-Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir.

Gununsesi.org