Vətəndaş: “Quba Rayon İcra Hakimiyyəti məhkəmənin qərarını icra etmir”

  • By admin
  • 20 Noyabr 2019 11:21
“Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olsa da, Quba Rayon İcra Hakimiyyəti icra etmir”.
Gununsesi.org xəbər verir ki, bunu “Report”a açıqlamasında Quba rayon sakini Təhməzov Elşad Əli oğlu bildirib.
Şikayətçinin sözlərinə görə, o, Quba rayonu İsnovqışlaq kəndində yerləşən özünə məxsus kommersiya obyektinin istismara qəbul aktının verilməsi öhdəliyinin Quba Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Quba rayonunun İsnovqışlaq kəndində yerləşən iddiaçıya məxsus kommersiya obyektinin istismara qəbul aktının verilməsi öhdəliyi Quba Rayon İcra Hakmiyyətinin üzərinə qoyulub.
Məhkəmənin qəbul etdiyi həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 10 oktyabr 2019-cu il tarixli, iş №2-1(85)-1193/2019 saylı məktubla icra olunması üçün Quba Rayon İcra Hakimiyyətinə göndərilib:
“Lakin artıq uzun müddət keçməsinə baxmayaraq, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış qərarın icrası Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən “bizə aydın olmayan səbəblərdən” məqsədyönlü şəkildə uzadılır və qəsdən icra olunmur. Bununla bağlı nümayəndəm tərəfindən Quba Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Abdullayev Qəmbər Eldar oğlu ilə gorüşərək məsələni ətraflı müzakirə edib, həmin qeyri-yaşayış sahəsi ilə bağlı bütün hüquq müəyyənedici sənədlər Hüquq şöbəsinə təqdim edilib. Həmçinin Qənbər Abdullayevin tövsiyəsi ilə nümayəndə tərəfindən icra hakimiyyətinin Memarliq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Kərimov Hidayət Vilayət oğlu ilə görüşüb. Ona da tələb edilən zəruri sənədlər təqdim edilib. Ancaq hər dəfə “bununla bağlı icra hakimiyyətinin başçısı cənab Əliyev Ziyəddin İsmayıl oğluna məruzə olunacaq, başçının birinci müavini Xudaverdiyev Allahverdi Allahqulu oğlu ilə məsləhətləşmələr aparılacaq” deyilərək müxtəlif vədlər verilsə də, nədənsə icra hakimiyyətinin vəzifəli şəxsləri problemin həllində heç də maraqlı görünmür. Bu günə qədər də qanuni qüvvəsini almış məhkəmə qərarı icra olunmadan qalır” – şikayətçi bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qaninvericilik aktlarına əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, qanuni qüvvəyə mindikdən onların icrası bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
Qanunvericiliyin bu tələbini yerinə yetirməyənlərə qarşı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.
“Report” məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.