Valentin günündə Adel sindromu yaşayan kişilər- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

Valentin günündə Adel sindromu yaşayan kişilər

 

Valentin bütün mübarək bayramlarımızdan urvatlı oldu. Az qala bir həftədir hamı Valentindən danışır. Yəqin ki, sevgi bayramıdır ona görə. Müşahidə edirəm, Valentinə mavi deyənlər də rəngli statuslar yazırlar. Məğzi maraqlı deyil. Əsas odur ki, bu bayram hamını canlandırıb. Bu isə zənnimcə çox yaxşıdır. Boş-boşuna Valentinə yüz cür ayama qoşub sevənlərin könlünü qırmayın. İmkan verin sevinsinlər.

Bu gün populyar bir adamla təxminən bir saat ordan-burdan söhbət elədik. Bu yazını da açığı ondan sonra yazmaq qərarına gəldim. Məşhur adamdır və söhbət əsnasında məlum oldu ki, sən demə bir professor xanımla uzun illər əvvəl evil olub, sonra ayrılıblar. Soruşuram ki, niyə? Deyir bazardan bir dəstə göyərti alanda ona da mütləq bir dəstə gül alardım. O isə az qala gülü başıma çırpmağa hazır idi. Yəni, professor olmaqla deyil ki!? Adam gülü sevmirmiş. O zaman ərinin diqqətini  sevəydi!? Bax, əsas məsələ də budur. Təəssüf ki, bu bütün zamanların problemidir. Əslində isə Sevgililər gününün də, əksər başqa bayramların da mahiyyətində diqqət dayanır. Diqqəti isə bazardan pulla almırlar. Digər başqa nəsnələr kimi. Təəssüf ki, bu gün çoxluq elə digər nəsnələrin peşindədir. Bahalı ətir, qızıl-mızıl və s. Mənim kimi duy]usalların virtual gül buketinə sevinməyini  də eşitsələr yəqin öz aralarında lağa qoyub gülərlər. Nə bilim..Allah həmişə üzlərini güldürsün.

Mənim üzümü isə bu gün yaponlarla bağlı eşitdiyim bir xəbər güldürdü. Sən demə  14 fevral Yaponiyada lüt kişilər günüymüş. Bu günün mahiyyəti nədir, niyə yaponların təqvimində bu adda gün var, nə işimizə? Əsas məsələ odur ki, bu gün məhz 14 fevrala təsadüf edir. Kişiləri lüt qoyan bayrama. Bəli, bu gün istənilən bayramın qeyd edilməsi cibin vəziyyətindən birbaşa asılıdır. Bu gün Azərbaycan kişisinin cibini Sevgililər Gününü  qeyd etmək üçün etibarlı saymaq olmaz. Ona görə də, kimi Valentini söyür, kimi bu bayramın bizə aidiyyatı olmadığını deyir,kimi də daha başqa bəhanələrə əl atır. Pul olsa, inanın Valentin ən yaxşı kişi, onun günü də ən sevimli günümüz olar. Kişilər də Valentin günündə Adel sindromu yaşamazlar.

Adel sindromu tibbdə az rast gəlinən xəstəlikdir. Tarixçəsi çox maraqlıdır. Bəlkə həm də ona görə ki, onun da mahiyyətində sevgi dayanır. Deməli, Adel böyük fransız yazıçısı Viktor Hüqonun  qızı olub.  O qeyri-adi sevgisi ilə tarixə düşmüş qadındır. Xəstəlik də onun adından götürülüb. Deməli, Adel  Hüqo ailəsinin beşinci uşağı imiş. İstedadlı biri idi, gözəl piano çalırdı. 1843-cü ildə böyük bacısı Leopoldinanın həyat yoldaşı ilə Sena çayının sularına qərq olması  ona pis təsir edir və Adel depressiyaya düşür. Ona ikinci böyük zərbəni  isə sevdiyi adam vurur.  1861-ci ildə İngiltərəyə səyahət zamanı Adel  Albert Pinson adlı zabitlə tanış olur. Onu dəlicəsinə sevir. Əvvəl qıza diqqət ayıran Pinson sonradan ondan qaçmağa başlayır. Onun sevgisindən bezir, yorulur. Amma Adel əl çəkmir. Hətta Pinsonun polkunun olduğu şəhərə gedərək yataqxanada özünə nömrə tutur.O, ətrafındakıları Pinsonla evil olduğuna inandırır və  maraqlıdır ki, bu yalana özü də inanır. Pinson isə o zaman artıq başqası ilə evlənmiş  və hətta ata da olmuşdu. Hüqonun qızının sevgisindən təngə gələn zabit  onu Fransaya göndərmək üçün dəridən-qabıqdan çıxır.Amma  Adel getmir və  onu qarabaqara izləyir. Ən sonda tamamilə ağlını itirir, dəli olur. Atası onu San Mandedəki ruhi xəstəxanaya qoyur. Hüqonun ölümündən sonra isə onu Syurendəki xəstəxanaya köçürürlər. O ömrünün sonuna-85 yaşına kimi bu xəstəxanada qalır. Öləndə də  dilində Albert kəlməsi ilə ölür.

Viktor Hüqo qızının məhəbbət macərasını qələmə almaq istəmədi.

Yazsaydı, bəlkə “Səfillər”i kölgədə qoyacaqdı. Və kim bilir, bəlkə biz də bu gün Valentini yox, Adel gününü bayram edəcəkdik.

Ləman Ələşrəfqızı

Xüsusi olaraq Gununsesi.org üçün

 

COMMENTS