Vladimir Zelenski Putinə söyləyəcəyi ilk cümləni artıq seçib

  • By admin
  • 18 İyun 2019 15:23

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə ilk görüşdə nə deyəcəyi barədə sualı cavablandırıb. “Donbas və Krım Ukraynanındır”, – deyə Vladimir Zelenski Qərb mediasına bildirib.

Almaniyanın “Bild” qəzetini yaydığı məlumata görə, Ukrayna lideri Rusiya prezidenti ilə söhbətini məhz bu mövzudan başlamaq istədiyini bildirib. O, Krımı çox sevdiyini və orada dəfələrlə olduğunu sözlərinə əlavə edib.

Vladimir Zelenski Ukraynanın Qərblə münasibətlərində Almaniya kansleri Angela Merkelə çox güvəndiyini də vurğulayıb. Gənc dövlət başçısı A.Merkeli böyük təcrübəyə və “güclü şəxsiyyətə” malik rəhbər kimi təsvir edib.

Bundan başqa o, Ukraynanın struktur islahatlarının həyata keçirilməsində məhz Qərbin köməyinə ümid bağladığını deyib.

Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik isə prezidentin təmkinli açıqlamalarından fərqli olaraq daha emosional bəyanat verib. Diplomat Almaniyanın iki siyasətçisini – Ştefan Vayl və Manuel Şveziqi Ukrayna xalqını satmaqda ittiham edib.

Xatırladaq ki, Almaniyanın Aşağı Saksoniya əyalətinin baş naziri Ştefan Vayl Avropa Birliyinin Rusyaya qarşı sanksiyalarını sərt şəkildə tənqid edib. Maklenburq-Ön Pomeraniya əyalət hökumətinin başçısı Manuel Şveziq isə federal hakimiyyəti Kremllə daha sıx əməkdaşlığı çağırıb.

Ukrayna səfiri həmin siyasətçiləri Kremlin əlaltıları adlandırmaqdan çəkinməyib.