Xəyanətin dini və hüquqi cəzası - ARAŞDIRMA

  • By admin
  • 04 Dekabr 2018 17:38

Sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu neçə gündür müzakirə edilir. İnsanlar ən çox əri suçlayaraq bildirirlər ki, belə bir məqamda uşağının anasının başını qırxıb videoya çəkib, paylaşmaq doğru deyil.

Bəs İslam dini və Azərbaycan qanunvericiliyi məsələ ilə bağlı nə deyir?

Əvvəlcə onu qeyd edək ki, hüquq qanunvericiliyinə görə, burada kişi həbs cəzası belə ala bilər. Konkret olaraq Cinayət Məcəlləsində  qeyd olunan hallarla bağlı aşağıdakı maddələr yer alıb. Belə ki, xəsarət dərəcəsi ağırdırsa, Cinayət Məcəlləsinin 126-ci maddəsi ilə üç ildən səkkiz ilə kimi, ağırlaşdırıcı halda 11 ilə kimi azadlıqdan məhrum etmə cəzası var. Dəymiş xəsarət az ağırdırsa, Cinayət Məcəlləsinin 127-ci maddəsinə əsasən, iki ilə kimi azadlıqdan məhrum etmə cəzası var. Xəsarət yüngüldürsə, bir ilə kimi azadlıqdan məhrum etmə və yaxud cərimə tətbiq oluna bilər.

Təbii ki, videoda təhqir və böhtanın əlamətləri var. Onlar təsdiqin taparsa, Cinayət Məcəlləsinin 147- ci maddəsi ilə cinayət işi başlaya bilər və 6 aya kimi azadlıqdan məhrum etmə cəzası verilə bilər. Buna aid maddələrdə deyilir: 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma.

Min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma:

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 148. Təhqir

Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma. Bu halda min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dinimizdə isə xəyanət edən qadınla bağlı sərt cəzalar nəzərdə tutulur. Belə ki, adının açıqlanmasını istəməyən ilahiyyatçı məsələ ilə bağlı aşağıdakıları bildirdi: “Qadının ərinə, eyni zamanda kişinin xanımına fiziki сəhətdən xəyanət etməsi dinimizdə “zina” adlanır. Zina ən böyük günahlardan biridir və onun hər növü qadağandır. Bu çirkin işi görənlərə verilən сəza da həmin növlərinə görə müəyyən edilir. Quranda oxuyuruq: “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, Allahla yanaşı, başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və o əzab içində zəlil olub əbədi qalar”. (əl-Furqan surəsi, ayə 63, 68-69).

Həzrət Məhəmməd Peyğəmbər (s) ərli qadınların xəyanəti barədə belə dəyir: “Əgər qadın öz ərinə xəyanət edərsə, ona qəbir əzabı verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır!”

İlahiyyatçı bildirib ki, kişinin şübhə və güman yaradan bəzi şübhəli məqamlara əsaslanaraq arvadını zinada ittiham etməsi, icazəli deyil: “Hətta insanlar arasında belə xəbər yayılsa da və ya etibar etdiyi biri ona belə xəbər desə də, icazəli deyil. Arvad etiraf etməsə və kişinin şahidləri olmasa, onun iddiası təsdiqlənməz. Əksinə, zina iddia etdiyinə görə ona hədd cəzası (şallaq) verilməlidir. Lakin qeyd edəcəyimiz şərtlərlə “lian” hökmünü icra edərsə, ona hədd cəzası verilməz (“Lian”- ər arvadının zina etdiyini güman edib bunu sübut etməyə aşkar dəlili (dörd şahid) olmasa, Qurani-kərimdə qeyd olunan formada and içib bir-birindən ayrılmasıdır).

Zina böhtanında icra olunan “lian”ın tətbiqi üçün iddia edən şəxsin həddi buluğ və aqil olması şərtdir. Zina etdiyi iddia olunan qadın həddi buluğ və aqil olması ilə yanaşı karlıq və lallıqdan sağlam olmalıdır. Həmçinin arvad daimi nikahda olmalıdır. Yad qadına zina böhtanı atıldıqda böhtan atan adamın şahidləri olmasa, ona hədd (şallaq) cəzası verilməlidir. Daha güclü rəyə əsasən, müvəqqəti evlilikdə də hökm bu cürdür. Həmçinin qadın zina ilə tanınmış olmamalıdır. Əks təqdirdə (yəni qadın zina ilə məşhurdursa), “lian” icra olunmaz. Çünki bu halda hədd cəzası yoxdur ki, “lian” icra olunması ilə cəzanın aradan götürülməsinə ehtiyac olsun. Əgər zinakar qadın aşkarcasına zina etmirsə, ona zina nisbət verən şəxsin aşkar dəlili (dörd şahidi) olmadıqda ona həddən aşağı cəza verilməlidir”.

Gununsesi.org bildirir ki, ilahiyyatçı Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında İslam dinində qadının xəyanətilə bağlı hansı hökmlərin olmasından danışıb. İlahiyyatçı bildirib ki, Məhəmməd Peyğəmbərin zamanından üzü bəri, İslam ölkələrində bu cür hallara rast gəlinib:

“Həm, Qurani-Kərimdə olan ayələr əsasında, həm də Məhəmməd peyğəmbərimizin hədis və tədqiqatları əsasında bunun cəzası ilə bağlı şərtlər müəyyənləşdirilib. İlk növbədə Qurani-Kərimdə buyrulur ki, günahsız qadını zina yükü ilə yükləmək, Allah tərəfindən çox böyük günah sayılır. Qurani-Kərimə görə, bir qadına zina iftirası atan adamın əlində real sübutlar olmalıdır. Həqiqətənmi o , zina edib? Bunun üçün İslam dini 4 şahid prinsipini gətirib. Bu şahidlərin də şərtləri var. Belə ki, şahid olan insanlar ədalətli, müsəlman, Allahdan qorxan olmalıdır və sairə. Həmçinin həmin şahidlərin 4-ü də zinanı öz gözləri ilə görməlidir. Alimlər zinanın da necə olduğunu açıqlayıblar. Tam çılpaqlığı ilə iki şəxsin zina etməsini görən şahidlər varsa, o zaman qadının zina etdiyi sübut olunur. Bundan sonra tarixən qazilərə müraciət olunub. Qazilər isə 4 şahid varsa, zina sübut edilibsə buna uyğun müəyyən cəza tətbiq ediblər. Lakin sənin əlində heç bir dəlil sübutun yoxdursa, sadəcə olaraq qadından şübhələnib, onu zinada günahlandırırsansa bunun özü də çox böyük günahdır. Qurani-Kərimdə Allah tala bildirib ki, kiməsə zina böhtanı atanlar, çox böyük günah sahibidir. Qadının şərəf və ləyaqətini təhqir etdiyi üçün həmin şəxsin özünə cəza tətbiq edilməsi İslam fiqh üsulunda işlənilib. Bu mövzu İslam fiqh və İslam hüquq mövzusuna daxil olub və məsələni alimlər təfsilatı ilə açıqlayıblar. Məhəmməd Peyğəmbərin zamanında bir kişi onun yanına gəlir. Kişi deyir ki, ya Rəsulallah, bazarda ticarət edən zaman gözəl qadın gördüm və onu, öpdüm. Peyğəmbərimiz deyir ki, sən bu günahını mənə deməsəydin, daha gözəl olardı. İnsan hər hansı bir günah işlədirsə, onu gizlətməsi daha yaxşıdır. Çünki Məhəmməd Peyğəmbər deyir ki, günahınızı gizlətsəniz, onu açıqlamasanız, ola bilər ki, Allah bu günahınızı bağışlayar”.

İlahiyyatçı bildirib ki, İslam dininə görə hər bir kişinin həyat yoldaşı, onun özü, ailəsi hesab edilir: “Çünki həmin qadın onun övladlarının anasıdır. Bir kişinin öz həyat yoldaşının eybini açıb, yayması, həmin kişinin nöqsanlı şəxs olduğunu bildirir. Yəni o kişinin ağılsız, günahkar insan olduğu ortaya çıxır. Hər bir şəxsin həyat yoldaşı onun ailəsi hesab olunduğuna görə, kimsənin ixtiyarı yoxdur ki, öz və ya həyat yoldaşının eyiblərini insanlara açıqlasın. Həmin videoda kişi öz həyat yoldaşını birinci növbədə şərləyir. Çünki bu, tam sübut olunmayıb. Bəlkə də kişi yalan danışır. Videodan görünür ki, bir qadın da orada kişini bu işə təşrif edir. Sonra da bu video sosial şəbəkədə yayılıb. Bunun kimin yaymasından asılı olmayaraq, kişi videonun çəkilişinə də icazə verməli deyildi. İkincisi də, həmin kişinin nə hüquqi, nə də İslam dini baxımından icazəsi yoxdur ki, həyat yoldaşının eyiblərini camaata yaysın. Bu, o kişinin naqisliyinin göstəricisidir. Görürük ki, cəmiyyət də burada kişini qınayır. Kişinin özünə belə məqamda İslam hüquqi və dünyəvi hüquq baxımından cinayət işi açılır. Bu məsələdə İslam dini prinsipial mövqe tutur. Qədim dövrdə insanlar qaziyə müraciət edirdilərsə, hazırda da hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bunu etmədən, sübut olunmamış bir şeyi qadınına yükləmək, şər-böhtan atmaq və bunu da yaymaq doğru deyil. Qadının həqiqətən zina etdiyi sübut olunardısa, qanunların icazə verdiyi kimi ona cəza verilərdi. İndiki kişiyə cəza verilə bilər. Çütlüklər evləndikləri zaman həm İslam şəriətinə, həm də dünyəvi qanunlara görə, onlar bərabər hüquqlu şəxs kimi ailə qururlar. Birinin digərini alçaltması yolverilməzdir”.

Gununsesi.org