Xəzər dənizində boğulmamaq üçün nə etməli, harada çimməli? - CAVAB

  • By admin
  • 02 Avqust 2019 15:55

Azərbaycanda çimərlik mövsümü başlayandan – iyunun 1-dən indiyə qədər qadağan olunmuş su hövzələrində, qeyri-çimərlik ərazilərdə 35 nəfər boğulub, onlardan 12-i azyaşlı uşaqlardır.

Bəs, Xəzərdə boğulmamaq üçün nə etmək lazımdır?

Gununsesi.org BBC-nin materialını təqdim edir.

1. Boğulmaların əsas səbəbləri hansılardır?

Mütəxəssislər Xəzər dənizində boğulmaların səbəbini, əsasən, küləkli hava, onun Xəzərdə yaratdığı sualtı burulğanlar, küləyin suyun altına yığdığı yad cisimlər (suya baş vuran insanların müxtəlif xəsarətlər almasına səbəb olur), bəzi şəxslərin suda bəhsə girib daha uzağa üzməyə çalışması, alkoqollu içki qəbulundan sonra suya girmək və valideynlərin uşaqlarını çox qısa müddətə olsa belə diqqətsiz qoyması ilə əlaqələndirirlər.

İqlimlə əlaqədar olaraq, Xəzər dənizində ilin 250 günü küləkli hava müşahidə olunur. Nəticədə dənizdə uçqun, yarğan və burulğanlar əmələ gəlir.

Azərbaycan qanunveriliciyinin tələbinə görə, küləyin sürəti saniyədə 10 metri keçirsə, yəni təxminən 6-7 bal gücündə olarsa, o zaman dənizə girmək qadağandır, təhlükəlidir və məsləhət görülmür.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlili BBC News Azərbaycancaya deyir ki, “təhlükə ilə bağlı edilən bütün xəbərdarlıqlara rəğmən insanlar yenə də küləkli havalarda suya girirlər”.

Mütəxəssislər hesab edirlər ki, yaxşı üzə bilən şəxslərin “bacarıramsa, deməli istədiyim yerə qədər üzə bilərəm” deyib məsafəni hesablamaması da boğulmalara səbəbdir.

Lakin adamlar sağlamlıq, insan bədənin suda verdiyi reaksiyalar, qıcolma ehtimalı kimi müxtəlif amilləri mütləq nəzərə almalıdırlar, o deyir.

günəş dəniz qum, Xəzər dənizi, çimərliklər

2. Burulğana düşdükdə, boğulmamaq üçün nə etməli?

Burulğanlar şimal küləyi əsərkən, dalğa hansı sürətlə sahilə gəlirsə, həmin istiqamətdə də suyun altı ilə əks olunması nəticəsində yaranır və həmin ərazidə suda olan şəxs boğulma təhlükəsi ilə üz-üzə qalır. “Burulğanın şəklinə baxsaq görərik ki, o, bir qədər mailidir. Yəni burulğanın dibi ilə üzünü müqayisə etsək o ya sağa, ya da sola doğru meyllənir”, Aqşin Əlili deyir.

Buna görə də, burulğana düşərkən suya tabe olub onun dibinə getmək torpağa təmas edərək yenidən yuxarı qalxmaq lazımdır. Belə olduğu halda şəxsin xilas olma ehtimalı çox yüksəkdir. Burada əsas məsələ panikaya düşməməkdir.

Mütəxəssislər burulğana düşən şəxslərin əynində uyğun geyimin olmamasının onların boğulmasında böyük rol oynadığını deyirlər. Suda belə vəziyyətlə üzləşən şəxslərin əynindəki gen-bol geyimin içində hava boşluqlarının qalması bu şəxsləri panikaya sala bilən amillərdəndir.

Sularda xilasetmə əməliyyatı saniyələr tələb edir. Ona görə də kiminsə batdığını, boğulduğunu görərkən də panikaya düşmək olmaz. Xilasetmə xidmətinə boğulan şəxs barədə nə qədər tez məlumat verilsə, həmin şəxsin xilas olma şansı daha çox olur.

3. Bəs harda çimməli?

Rəsmi məlumatlara görə, Azərbaycanda Xəzərin şimalından cənubuna 950-dən artıq məntəqə var. Üstəlik ölkədə çaylar, göllər, kanallar, su anbarları və digər sututarlar da mövcuddur.

Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ölkə sularında 35 xilasetmə məntəqəsi, 8 dalğıc-axtarış qrupları fəaliyyət göstərir. Bunun 25 xilasetmə məntəqəsi Bakı və Abşeron yarımadasının payına düşür.

İyirmi beş məntəqə müvafiq olaraq, dövlət tərəfindən ictimai çimərlik kimi nəzərdə tutulan ərazilər – Mərdəkan, Buzovna, Bilgəh, Zuğulba, Qızılqum və Pirşağıda yerləşir, Nardaran çimərliyində isə xidmətin iki xilasetmə məntəqəsi var.

Vətəndaşlar bu ərazilərdəki çimərliklərdə istirahət edə bilərlər.

4. Suya girməzdən öncə nəyə diqqət etməli?

Çimərliklərdə ölüm faktlarının bir hissəsi isə insanların sağlamlıq vəziyyətilə bağlıdır.

Həkimlərin Təkmilləşdirilməsi İnstitunun kafedra müdiri Faiq Quliyev ürək-damar xəstəlikləri olan şəxslərin yayda dənizə getməzdən əvvəl mütləq həkim məsləhəti almalı olduğunu deyir: “Əgər əks göstəriş varsa, bu həyatı təhlükə daşıyır, suya girmək olmaz”.

Ümumiyyətlə isə çimərliyə günün hansı saatlarında getmək məsələsində mütəxəssislər hesab edir ki, “günorta saat 12-dən axşam 5-ə qədər olan zaman kəsimində birbaşa günəş şüaları altında uzanmaq və ya suya girmək sağlam insanlar üçün də xeyli zərərli ola bilər”.

dəniz qum günəş, külək Xəzər dənizi Caspian SeaFotonun müəllifiGULAR ABBASOVA
Image caption“Qanunveriliciyin tələbinə görə, küləyin sürəti saniyədə 10 metri keçirsə, dənizə girmək qadağandır, təhlükəlidir, məsləhət görülmür”.

Suya girməyi planlaşdırdığınız ərazidə isə ilk öncə üç əsas məsələyə diqqət etmək lazımdır.

  • Ərazidə xilasedicilərin müşahidə qülləsi mövcuddurmu?
  • Xilasedicilər varmı?
  • Ətrafda həmin ərazidə çimməyə icazə verilib-verilməməsi ilə bağlı hər hansı məlumat lövhəsi qoyulubmu?

Bütün bu sadalananlar yoxdursa, o zaman həmin yerdə suya girmək insan həyatı üçün təhlükəlidir.

Sularda Xilasetmə Dövlət Xidmətinin BBC News Azərbaycancaya açıqladığı statistikaya görə, iyun ayının 1-dən indiyə qədər dövlət nəzarətində olan çimərliklərdə 145 boğulma təhlükəsi ilə üzləşmiş vətəndaş xilas edilib.

Fövqəladə Hallar Nazirliyi ölkədəki su hövzələrinin hər birində və Xəzər dənizi boyunca xilasedicilər təyin etməyin mümkünsüz olduğunu bildirir.

Sularda Xilasetmə Dövlət Xidmətinin Azərbaycanda təhlükəsizlik qaydalarına əməl etməyən özəl çimərliklərin rəhbərlərinə bu məsələ ilə bağlı hər hansı təsir mexanizmi yoxdur.

“Sahil ətrafındakı hər bir çimərlik obyektində təhlükəsizlik tədbirlərini görmək, öz ərazisini xilasedici və xilasetmə texnikası ilə təmin etmək, ərazidə üzmə sərhədlərini göstərən nişan qoymaq sözügedən obyektləri işlədən sahibkarların istəyinə bağlıdır.

dəniz qum günəş, külək Xəzər dənizi Caspian Sea

5. Gecə dənizdə çimmək olarmı?

Gecələr dənizə girmək olmaz. Çünki qaranlıq olduğu üçün zaman həmin şəxslər məhdudlaşdırıcı nişanları görməyib uzaq məsafəyə də gedə bilərlər. Üstəlik xilasedicilərin gecə saatlarında boğulma ehtimalı olan şəxsləri görmək imkanı da yoxdur.

Ona görə də mütəxəssislər çimərliklərdən istifadə üçün səhər saat 9-dan 12-yə, axşam isə saat 4-dən 8-dək olan müddəti çimərliyə getmək üçün ən uyğun vaxt hesab edirlər.

Gununsesi.org