“Xocalı 613” Mülhaus festivalında

  • By admin
  • 22 Sentyabr 2016 20:39

lead

 

Bu günlərdə Fransanın Elzas regionunda yerləşən Mülhaus şəhərində “Théâtre de la Sinne” teatrında “Les 2 Mondes” musiqi festivalının yekun konsertində emosional cəhətdən köklənmiş “Xocalı 613” adlı simfonik poemanın ifa edilməsi yerli auditoriya tərəfindən böyük ehtiramla qarşılanıb. “Xocalı 613” əsəri Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə sıx əməkdaşlıq edən tanınmış fransız bəstəkarı Pyer Tilloy tərəfindən yazılıb və Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunub.

Gununsesi.info xəbər verir ki, əsəri azərbaycanlı dirijor Fuad İbrahimovun rəhbərliyi altında Mülhaus Orkestri ifa edib. Bu, azərbaycanlı dirijorun Fransada debüt çıxışı olub.

Daha kiçik qruplarda müxtəlif versiyalarda ifa edilmiş bu əsərin yeni tərtibatında əlavə zərb alətlərindən istifadə edilir və bununla erməni silahlı qüvvələrinin azərbaycanlı mülki şəxslərə qarşı törətdiyi vəhşiliklər vurğulanır. Pyer Tilloyun dediklərindən: “ “Xocalı 613” əsəri artıq beş ilə yaxındır ki, dünyanın müxtəlif yerlərində ifa edilir. Bu yeni tərtibat demək olar ki, əsərin fikrimdə tutduğum ilkin konsepsiyasına yaxındır. Mənim əsas məqsədim bu əsərin böyük orkestr tərəfindən ifa edilməsi idi.”

Əsərdə Nyu York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu Səbinə Rakçeyevanın skripkada solo ifası və fransalı klarnet ifaçısı Alen Tuaronun interpretasiyası əsərin faciəvi təbiətini nümayiş etdirib.

Avropa Azərbaycan Cəmiyətinin Strasburq ofisinin direktoru Eliza Piter: “Əsəri beş il ərzində simfonik orkestr və kamera ansamblı da daxil olmaqla müxtəlif musiqiçilərin ifasında dinlədikdən sonra belə, mən yenə də bu əsərdən təsirlənirəm. Bu axşam Mülhausda eşitdiyim bu versiya bütün gözləntilərimi üstələdi. Maraqlıdır ki, tədbirdə iştirak edən və əksəriyyəti Xocalı qətliamı haqqında məlumatsız olan fransız auditoriya da eyni şəkildə sanki hipnoz altına düşmüşdü.”

 

Gununsesi.info