YAP-çı deputat Rusiyaya görə narahatdır

YAP-çı deputat Rusiyaya görə narahatdır

Rusiya Ermənistanın hərbi-strateji müttəfiqidir. Bu bir faktdır ki, Kreml ermənilərin işğalçılıq siyasətini pisləmir. Əksinə, Cənubi Qafqazda onların ən böyük tarixi havadarı Rusiyadır.

İrəvanda iqtidarlar dəyişə bilər, prezidentlər əvəzlənə bilər, lakin rusun təbəəsi olmaqdan, vassalkıqdan xilas ola bilmirlər. Halbuki  Moskva üçün Ermənistandan daha çox Azərbaycan faydalı ola bilər.

Bizim iqtisadi potensialımız imkan verir ki, Kreml İrəvandan əlini çəkərək Bakı ilə daha açıq qonşuluq münasibətləri qursun.  Yetər ki, Qarabağ problemi həll olsun, Azərbaycan Rusiya ilə bir çox məsələlərdə uzlaşmağa hazırdır. Lakin biz Rusiyanı buna inandıra bilməmişik.  Moskva ilə qonşuluq münasibətləri müttəfiqlik səviyyəsinə gəlib çıxmır, vaxtaşırı Azərbaycana təzyiqlər belə göstərilir.

Bəziləri isə belə düşünmürlər. Azərbaycanın Rusiyadan daha çox Avroatlantik məkana inteqrasiyasının perspektivli olduğunu hesab edirlər.

“Bu gün Rusiya-Azərbaycan münasibətlərində hər hansı problem, tərəflər arasında anlaşılmayan bir məsələ müşahidə olunmur. İki ölkə arasında mehriban qonşuluq əlaqələri mövcuddur.  Nə Rusiya Azərbaycanın, nə Azərbaycan Rusiyanın daxili işlərinə qarışmır, ikitərəfli əməkdaşlıq genişlənməkdədir, iqtisadi müstəvidə münasibətlər inkişaf etməkdədir”.

Bu sözləri “Yeni Müsavat”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, deputat Aydın Mirzəzadə dedi.

Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılara və eləcə də Azərbaycanda yaşayan ruslara dövlətlər tərəfindən qarşılıqlı hörmət göstərilir: “Ortaya çıxan hər hansı lokal insidentlərin isə operativ şəkildə müvafiq strukturların müdaxiləsi ilə həllinə çalışılır. O baxımdan indiki şəraitdə Rusiyadan narazı qaldığımız xüsusi məsələ yoxdur.

Təbii ki, Rusiyanın Ermənistanın işğal siyasətini pisləməsini istərdik. Lakin rus-erməni münasibətlərinin tarixi kökləri var. Bu əlaqələrin qısa müddətdə azalacağın ümid bəsləmək sadəlövhlük olardı”.

A.Mirzəzadə qeyd etdi ki, bu gün Azərbaycanla Rusiya arasında silah satışı var, erməni diasporasının əlaqələrinə baxmayaraq, bizim diasporalar fəaliyyət göstərir.

Deputat hesab edir ki, Rusiyaya Ermənistandan daha çox Azərbaycanın ona lazımlı olduğunu inandırmaq üçün münasibətlərin səviyyəsi aşağı düşməməlidir: “Müəyyən qüvvələr iki ölkə arasında problem yaratmağa çalışırlar.

Ancaq o provokasiyalara getmək olmaz. Həmçinin Rusiya-Türkiyə-Azərbaycan arasında üçtərəfli əlaqələri gücləndirmək, inkişaf etdirmək zəruridir. Sadəcə, həm Rusiyada, həm Azərbaycanda müəyyən müxalif dairələr var, onlar münasibətlərin inkişaf etdirilməsinə yox, əlaqələrin unudulmasına çalışırlar.  Habelə, xaricdən gələn tapşırıqlar əsasında fəaliyyət göstərənlər var. Azərbaycan isə Ermənistan istisna olmaqla, bütün qonşu respublikalarla mehriban dostluq münasibətlərini saxlamağa çalışır”.

Gununsesi.org

COMMENTS