Yeni doğulanlara Kanadasayağı qulluq

  • By admin
  • 03 İyun 2019 09:30

Pulsuz dayə, diş baxımı, endirimli nəqliyyat…

–  Salam. Sizi Toronto Səhiyyə İdarəsindən tibb bacısı narahat edir. Gələn həftə üçün yeni doğulmuş körpəniz üçün evinizdə görüş təyin edə bilərikmi?

– Olar. Amma hospitaldan çıxandan bir həftədir ki, uşağı çimizdirməmişəm. Çimizdirməyə qorxuram.

– Aman Allahım (Oh, my God), 1 saata sizdəyəm.

Bu, övladım dünyaya gələndən bir həftə sonra Toronto Səhiyyə İdarəsinin uşaqlar üzrə ixtisaslaşmış tibb bacısı ilə aramızda olan telefon danışığıdır.

Uşağı 1 həftə çimizdirməməyin dəhşəti

Qeyd edim ki, övladım dünyaya gələndən sonra 24 saat hospitalda qaldıq. Hospitaldan çıxdığımız gün mobil telefonuma ixtisaslaşmış tibb bacısından zəng gəldi və o, mənə “Sağlam Körpələr, Sağlam Uşaqlar” adlı proqram barədə məlumat verdi. Bildirdi ki, sözügedən proqram çərçivəsində ayda bir dəfə tibb bacısı, həftədə bir dəfə ixtisaslaşmış ev ziyarətçisi evimizə gəlib uşağa və anaya qulluqla bağlı mənə informasiya verə, suallarımı cavablandıra bilər. Razılaşdım. Bir həftə sonra tibb bacısı yenidən zəng etdi və uşağı evə çıxandan 1 həftədir çimizdirmədiyimi eşidəndə dəhşətə gəlmiş səsiylə bir saata bizdə olacağını bildirdi. Gəlib uşağı çimizdirdi, mənə təlimatlarını verdi. Təhlükəsiz olsun deyə körpəni qucağında çimizdirdi və bu zaman uşaq tibb bacısının üzərini batırdı. Çox xəcalət çəkdim və bu cür vəziyyətdə onun evə, yaxud işə necə gedəcəyini düşündüm. Bir neçə dəfə üzr istədim. Zarafatla “məni çox istədiyinə görə belə etdi” deyib məni sakitləşdirməyə çalışdı.

Ananın, bacının əvəzləyicisi

Beləliklə, ayda bir dəfə tibb bacısı, həftədə bir dəfə ev ziyarətçisi mənimlə razılaşdırılmış saatda bizə baş çəkməyə  başladı.

Ev ziyarətçisi körpəmlə bağlı hər şeyi mənə izah edir, uşaqlarla bağlı gətirdiyi video çarxları bərabər izləyir, çap materiallarını bərabər oxuyuruq. Hər ay körpənin yaşına (ayına) uyğun inkişafını yoxlayır və məsləhətlərini verir.

Ananın uşaqla bağlı hansısa narahatçılığı olanda iş saatlarında tibb bacısına zəng edib sual vermək, məsləhət almaq haqqı var. Azərbaycanda tez-tez nənəyə, anaya, xalaya, bacıya zəng edərək soruşduqlarını burada rahat şəkildə professionallardan soruşur və doğru cavablar ala bilirsən.

“Sağlam Körpələr, Sağlam Uşaqlar” adlı proqram hamiləliyinizi sağlam keçirməkdə, övladınızla aranızda möhkəm bağ qurmaqda,  övladınzın böyüməsini və inkişafını dəstəkləməkdə, onu qidalandırmaqda, ana südü ilə böyüməsində anaya yardımçı olur. Həmçinin digər analarla  dostluq əlaqəsi qurmağınıza kömək edirlər.

Kimlər proqramdan yararlana bilər?

  1. Torontoda yaşayanlar
  2. Hamilələr, yaxud 0-3 yaşlı övladı olanlar.
  3. Kanadaya yeni gələnlər.
  4. Övladının böyüməsi və davranışları ilə bağlı narahatçılıq keçirənlər.
  5. Fiziki problemi olan, yaxud əvvəllər depressiyadan əziyyət çəkənlər.
  6. Özünü tənha hiss edənlər, ailəsi və dostları tərəfindən heç bir dəstəyi olmayanlar.
  7. İlk dəfə övlad dünyaya gətirənlər.
  8. Evsizlik, məişət zorakılığından əziyyət çəkənlər.

Bu proqram pulsuzdur və övladınızın sağlamlıq kartının olması tələb edilmir. Ana ingilis dilini bilmirsə, hətta onun dilində danışa bilən ev ziyarətçisi, yaxud da tərcüməçi ilə təmin edirlər. Amma bu, həmin dildə danışa bilən kadrın olmasından asılıdır.

Bəs niyə proqram 3 yaşına qədər uşaqları əhatə edir, deyə, düşünə bilərsiniz. Çünki uşaq sözügedən yaşa qədər xoşbəxt böyüyüb, düzgün tərbiyə edilirsə, sonrakı həyatında da uğurlu olur. Hər halda Kanadada bu cür düşünürlər.

Evdə uşaq baxımı

Yanında yaxınları olmayan analar üçün bu proqramın bir üstünlüyü də odur ki, ev ziyarətçisi və tibb bacısı ilə dost kimi hətta uşaqdan kənar mövzuları da müzakirə edə, sirrini rahat şəkildə paylaşa, məsləhət ala, kömək istəyə bilirəsn.

Gecələri yuxusuz qaldığımdan uşaq doğulandan bir ay sonra halsız olmağa başladım və bunu tibb bacısı və ev ziyarətçisi ilə bölüşdüm. Bütün günü yuxulu gəzdiyimi, gecələr uşağı qucağımdan yerə salacağımdan qorxduğumu dedim. Tibb bacısı həqiqətən köməyə ehtiyacımın olduğunu görüb VHA – Evdə Sağlıq baxımı (Home HealthCare) Qeyri-Hökumət Təşkilatına zəng vurub barəmdə danışdı və uşaq baxıcısına ehtiyacımın olduğunu bildirdi. Beləliklə, sözügedən təşkilatdan həftədə iki dəfə, hər biri 3.5 saat olmaqla uşaq baxıcısı gəlib övladıma baxmağa başladı. Başqa yerdən köməyim olmadığına görə həftənin həmin günlərini “iplə çəkirdim”. Dayə körpəylə yanaşı, 4 yaşlı qızıma da “göz-qulaq olur”, başını qarışdırmaq üçün onunla söhbət edir, balaca imkan verdiyi halda hətta qızımla oyun oynayırdı. Bu müddətdə mən ya yatır, ya ev işlərimi görür, ya da bazar-dükana çıxırdım. İki ay sözügedən xidmətdən yararlandım və bu, mənə çox kömək oldu.

Evdə ingilis dili və ev təmizlikçisi

VHA-in broşürunu gözdən keçirəndə evdə ingilis dili dərsləri keçdiklərini də gördüm. Sözügedən təşkilata zəng vurub ingilis dili proqramından yararlanmaq istədiyimi dedim. Çünki uşaq balaca olduğundan kursa gedib ingilis dilimi inkişaf etdirmək imkanım yox idi.

İngilis dilimi inkişaf etdirmək üçün 3 ay boyunca həftədə bir dəfə könüllü kimi çalışan xanım bizə gəlir, ingiliscə 3 saat müxtəlif mövzularda söhbət edirdik. Hətta körpə dərsin keyfiyyətli keçməsinə mane olursa, dərs müddətində uşağa baxmaq üçün dayə də ayırırlar.

Qeyd edim ki, bu təşkilat yeni ana olanlara ev təmizliyində də kömək edir. Hər həftə evi dərindən yığışdırırlar.

VHA-in xidmətləri də pulsuzdur.

Pulsuz diş baxımı, endirimli nəqliyyat

Onu da deyim ki, burada tibb bacılarının sözü, daha doğrusu, göndərişi  keçərlidir. Övladımı tez-tez uşaq proqramlarına apardığıma görə tibb bacısının göndərişi ilə Toronto Sərnişin Nəqliyyatı evimizə xüsusi gediş kartı göndərdi. Bu kart vasitəsilə digərlərindən fərqli olaraq, sərnişin nəqliyyatında bir gedişə 3 dollar deyil, 2 dollar ödəyirəm.

Bundan başqa, övladım bir yaşına çatana qədər tibb bacısının göndərişi ilə stomatoloqun bəzi xidmətlərindən pulsuz istifadə etdim.

Sadaladıqlarım ana olandan sonra əldə etdiyim güzəştlərin əsas  hissəsidir.

Sonda qeyd edim ki, yeni doğulan körpəyə görə anaya ailənin gəlirindən və uşaqların sayından asılı olaraq uşaq pulu verilir. Uşaq pulunun maksimum həddi 6 yaşına qədər uşaqlar üçün 600 dollar, 6 yaşdan 17 yaşa qədər isə 400 dollar civarındadır.

Lalə Musaqızı

Kanada