“Yeni icra başçısı ilk təyinatla bacıoğlunu özünə köməkçi təyin etdi” – Bakıda

  • By admin
  • 18 Noyabr 2019 10:08

Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizovun özünə yeni köməkçi təyin etdiyi bildirilir.

Gununsesi.org xəbər verir ki, bu barədə pravda.az saytı xəbər yayıb. Məlumata görə, təyinatla bağlı Ə.Əzizov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağayev Murad Əsgər oğlu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi təyin edilib.

Bildirilir ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. O, bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi, daha əvvəl isə Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. M.Ağayev əvvəllər Cəlilabad Rayon İcra Hakimiyyətində icra başçısının sürücüsü olub.

Qeyri-iş günü olduğundan hələlik icra hakimiyyətindən münasibət ala bilmədik.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Ə.Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

 

Gununsesi.org