“YouTube”da ən çox izlənilən müğənnilərimiz kimlərdir?

“YouTube”da ən çox izlənilən müğənnilərimiz kimlərdir?

Gununsesi.org xəbər verir ki, Real Partiyanın sədri İlqar Məmmədov “Facebook” səhifəsində gənc müğənni Üzeyir Mehdizadə haqqında paylaşım edib. Partiya sədrinin bu paylaşımı geniş müzakirələrə səbəb olub.

Partiya sədri öz statusunda qeyd edib:

“100 milyon baxış! Həbsimdən qabaq rusdilli forumlar Azərbaycanda “Facebook”dan güclü idi. Orda bir-iki dəfə yazmışdım ki, Üzeyir Mehdizadənin güclü musiqi istedadı var, amma bu istedadı yönəldən yoxdur. Məni ələ salmayan qalmadı, baxmayaraq ki, “musiqisini bəyənirəm” demədim (fərqli zövq məsələsidir), sadəcə “böyük istedadını görürəm” dedim. Buyurun, Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçi. Təbrikə layiq uğurdur!”

Qeyd edək ki, gənc müğənni Üzeyir Mehdizadənin “Yaxşı olar” mahnısına çəkilmiş klip ötən il “YouTube” kanalına yüklənib və bu günə qədər klipə 100 milyon, 300 minə yaxın baxış olub. Bu rəqəm ölkəmizdə demək olar ki, rekord həddir. Halbuki Üzeyir Mehdizadə mahnılarına, ifalarına görə dəfələrlə tənqid atəşinə tutulub, peşəkar musiqiçilər onu zövqləri korlamaqda ittiham edib, əksəriyyət onu dinləmədiyini və hətta tanımadığını dilə gətirir. Lakin görünəni budur ki, cəmiyyətdə daha çox bu cür ifalar sevilir, bəyənilir.

Bəs “YouTube”da ən çox izlənilən müğənnilərimiz kimlərdir?

Gununsesi.org xəbər verir ki, Musavat.com bununla bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, “YouTube”da mahnısı rekord qıran digər müğənnimiz Şəbnəm Tovuzludur. Belə ki, Müğənninin iki il bundan əvvəl “YouTube”a yerləşdirilən “Qadasın alaram” mahnısına bu günə qədər 32 milyon baxış var.

Siyahıda 3-cü yeri hazırda sənətindən uzaqlaşan Aysel Teymurzadə ilə Araşın “Always” mahnısıdır. Mahnı 10 ilə yaxındır ki, 27 milyon izləyici toplayıb.

Talıb Talenin 4 il bundan əvvəl “YouTube”a yüklənən “Bilirsən ki” mahnısına isə bu günə qədər 25 milyon baxış olub.

Siyahıda sonrakı yeri Röya Ayxan və Miri Yusifin birgə ifa etdiyi “Səndən birdənədir” mahnısı tutur. Mahnı 3 il ərzində 19 milyon izləyici toplayıb.

Müğənni Damlanın “Bilirmisən” mahnısı isə 2 il ərzində 12 milyon dəfə izlənilib.

Elvin Mirzəzadənin məşhur “Düşün məni” mahnısı bir il bundan əvvəl “YouTube”a yüklənib və kifayət qədər, yəni 11 milyon dəfə baxılıb.

Xalq artisti Aygün Kazımovanın isə ötən il “YouTube”a yüklənən “Hardasan” mahnısı isə cəmi 2 milyon dəfə izlənilib.

 

 

Gununsesi.org

COMMENTS