“Yurçeviçin arxasınca nəsə deməyim düzgün olmaz” - EMİN MAHMUDOV

  • By admin
  • 24 Noyabr 2019 20:40

“Oyuna uğurlu başladıq, yaxşı qollar da vurduq. Amma hesab 3:0 olduqdan sonra özümüzü çox rahat hiss etdik. Buna görə də “Qəbələ” daha yaxşı oynamağa başladı və qol vəziyyətləri yaratdı. Həmin dəqiqələrdə oyunumuzu bir qədər itirmişdik. Fasilədən sonra pis çıxış etmirdik. Axırıncı dəqiqələrdə komandada yorğunluq hiss olunurdu”.

Gununsesi.org-un məlumatına görə, bunları “Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” üzərində 4:1 hesablı qələbə qazandıqları oyundan sonra deyib. Yarımmüdafiəçi qarşılaşmadan sonra keçirilən brifinqdə jurnalistlərin digər suallarını da cavablandırıb.

– Turnir cədvəlində yenidən 2-ci pilləyə yüksəldiniz. Əsas rəqibiniz “Keşlə”dir, yoxsa “Qarabağ”?

– Əsas rəqibimiz özümüzük. Təkcə öz oyunumuzu fikirləşməliyik. Keçirdiyimiz matçlarda qələbə qazanmasaq və digər komandalara diqqət ayırsaq, bizə çətin olar.

– “Qarabağ” cari mövsüm ilk məğlubiyyətini srağagün “Sumqayıt”la görüşdə aldı. Bu, sizə əlavə stimul oldumu?

– Bizə hər oyunda qələbə qazanmaq lazımdır. Bunu bacarmasaq, digər komandalar qalib gəlib yenə öndə olacaqlar. Çox xal itirmişik, onları sığortalamalıyıq. Bunu da yalnız qələbələrlə edə bilərik.

– Dario Frederiko əvəzlənməsindən narazı idi və birbaşa paltardəyişmə otağına yollandı. Kapitan kimi onun bu hərəkətinə münasibətiniz necədir?

– Emosiyasız futbol maraqsız olar. Dario baş məşqçidən yox, oyunçulardan narazı idi. Çünki ona 1-2 söz dedilər. Amma oyundan sonra o da bizim kimi, qələbəyə sevinirdi.

– Qarşıda ölkə kuboku matçları da var. Bu turnirdə hədəfiniz nədir?

– Əlbəttə, bu yarış da çox vacibdir. Məqsədimiz kuboku qazanmaqdır. Bunun üçün bütün qarşılaşmalarda qələbə qazanmaq lazımdır.

– Bugünkü “Neftçi”nin potensialı həm çempionluğu, həm də ölkə kubokunu qazanmağa imkan verir?

– Kubokla çempionat arasında fərq qoymuruq. Hər oyunu bugünkü matçın ilk 25 dəqiqəsindəki kimi oynasaq, yaxşı nəticələr qazanarıq. Oyunlara yaxşı köklənmək vacibdir.

– Milli komanda AVRO-2020-nin seçmə mərhələsini 1 xalla başa vurdu. Yığma üzvü kimi, bu çıxışı necə qiymətləndirirsiniz?

– Əlbəttə, 1 xal azdır, yaxşı nəticə deyil. Amma çətin qrupa düşmüşdük. Uşaqlar nəsə etməyə çalışırdılar. Lakin alınmadı.

– Bundan əvvəlki seçmə mərhələlərdə də yığma çətin qrupda olub, ən azı 3 xal qazanmışdı.

– San Marinonu məğlub edib, xallar qazanmışdıq. İndi bizə belə komanda düşmədi. Budəfəki rəqiblərin hamısı Avropa çempionatında iştirak edib, hətta qrupdan da çıxıblar. Əlbəttə, bəhanə gətirmək istəmirəm. Nəticə daha yaxşı olmalı idi. Sadəcə, alınmadı.

– Millinin son iki matçında meydana çıxmadınız. Bu vəziyyəti dəyişmək üçün nə etməlisiniz?

– Bu, baş məşqçinin qərarıdır, nəsə deyə bilmərəm. Elə bu gün də son 20 dəqiqədə yorulmuşdum, qaçmaq çətin idi. Milliyə gedəndən sonra ritmi itirirəm, qayıdanda çətinlik çəkirəm. Artıq yığmanın oyunları yoxdur. İnanıram ki, daha yaxşı formada olacağam.

– Emin Mahmudov daim ehtiyatda oturmalı futbolçudur? Bu barədə heç baş məşqçi ilə söhbətiniz olmayıb?

– Baş məşqçinin fikri, futbol fəlsəfəsi belədir. Mənim vəzifəm, dəvət olunduğum zaman milliyə gəlməkdir. Nə bacarıramsa, edirəm. Amma qərarı baş məşqçi verir. Bir dəfə yaxınlaşıb dedi ki, mənim oyun üslubuma bir az uyğun gəlmirsən. Buna görə də, bildim ki, oynamayacam.

– AFFA-nın baş katibi Elxan Məmmədov müsahibəsində Nikola Yurçeviçlə yolların ayrılacağına işarə vurub. Deməli, sizin yolunuz açılır?

– İndi bu haqda fikirləşmirəm. Baş məşqçi barədə pis söz deyə bilmərəm. Hətta getsə belə, arxasında nəsə deməyim düzgün olmaz. Burda olanda heç nə deməmişəmsə, gedəndən sonra nəsə deməyim doğru deyil.

 

Gununsesi.org